Hesabatlar

Daha çox fiziki şəxslər pullarını geri götürüblər

Ötən ilin əvvəlində əlavə kapital cəlbindən sonra “AccessBank” yenidən ayağa qalxa bildi və ilin ikinci rübündən sonra ümumi iqtisadi göstəricilərin yüksəlməsi fonunda bu bank da gəlirlərini artıraraq bu ilin əvvəlindən artıq mənfəət açıqlamağa keçdi.     

 

Müştəri hesabları əriyir 

2020-ci ilin yanvar-iyun ayları üzrə göstəricilərə gəldikdə, ümumi iqtisadi böhranın və bank sektorundakı son hadisələrin nəticəsi olaraq digər banklarda olduğu kimi depozit hesablarının kəskin şəkildə azalması diqqəti çəkir. Pul hərəkətinə baxsaq, müştərilər hesablarından 102 milyon 872 min manatı geri çəkiblər. Xatırladaq ki, depozit hesabları bankların likvid vəsaitlərə olan ehtiyacını təmin edir, kreditləşmə üçün əsas vəsait mənbəyidir. Bu tendensiya ümumilikdə banklara nələrə başa gələ bilər, bununla bağlı ayrıca bir yazı verəcəyik.

“AccessBank”a qayıdaq. Depozitlərin azalmasının pul vəsaitləri və onların ekvivalentində isə ciddi bir düşməyə səbəb olduğunu demək olmaz. Bank ilin əvvəlinə 33 milyon 724 min manat dəyərində qiymətli kağıza malik olub və ötən altı ayda onun 25 milyon 644 min manat həcmində hissəsini satıb. Bundan başqa, AccessBankın səhmdarları ciddi maliyyə dayaqlarına malikdir və bu da öz növbəsində onun vəsait təminatına müsbət təsir edəcək. Göstəricilərdən görünən ümumi tendensiya isə budur ki, pul vəsaitləri və onların ekvivalentində 4 milyon manat azalma olub və ilin birinci yarısının sonunda 123 milyon manat təşkil edib.

 

Aktivlərdə nə var, nə yox?!

“AccessBank”ın maliyyə hesabatına görə, aktivləri 5,2% azalaraq 851 milyon 162 min manata düşüb. Akitvlərin azalmasında əsas səbəb kredit portfelidir. 30 iyun tarixinə bankın kredit portfeli 12,4% azalaraq 535 milyon 305 min manat olub. Kreditlərin tərkibinə baxsaq, biznes kreditlərinin həcmi 476 milyon 687 min manat, istehlak kreditlərinin həcmi isə  51 milyon 137 min manat təşkil edir. Daha çox mikrokreditlərin verilməsində lider olan bu bankda daşınmaz əmlak kreditlərinin payı həmişə çox az olub və görünən odur ki, digər banklardakı kimi “AccessBank”da da bu portfel artıb, ancaq dediyimiz kimi bu, çox ciddi bir rəqəm deyil, 1 milyon 91 min manat artımla cəmi – 7 milyon 481 min manatdır. Kredit portfelinin ümumi aktivlərdə payına gəldikdə, 62% təşkil edir və demək olar ki, bank vəsaitlərini aktiv şəkildə istifadə edir. Bank vəsaitlərinin 103 milyon manatını digər banklarda və maliyyə qurumlarına depozit qoyub.

 

Əlavə kredit götürüb

Yuxarıda qeyd etdiyimiz kimi, bankın depozit hesablarındakı azalma 15,5% təşkil edir və portfelin ümumi həcmi 558 milyon 288 min manatdır. Daha çox fiziki şəxslər pullarını bankdan geri çəkiblər. Belə ki, bu kateqoriya əmanətlər 82 milyon 795 min manat azalaraq 471 milyon 556 min manata düşüb.

Nəticə birbaşa “AccessBank”ın öhdəliklərinin azalmasına təsir edib və 2020-ci ilin yarısına bu rəqəm 756 milyon 174 min manat təşkil edib. Bank depozitlərin azalması fonunda digər borclanmalarını artırıb. Belə ki, yanvar-iyun aylarında kredit təşkilatları və digər maliyyə institutlarından əlavə 57 milyon 576 min manat kredit alaraq onların qarşısında öhdəliyini 153 milyon 576 min manata qədər yüksəldib. Borcların arasında səhmdarlardan cəlb olunmuş 21 milyon 994 min manat subardinasiya borc öhdəliyi də olduğu kimi qalır.

 

Bölüşdürülməmiş zərəri yüksək olaraq qalır 

I yarımilliyin sonuna bankın kapitalı 0,7% artaraq 94 milyon 988 min manat olub. Artım əsasən birinci rübdə əldə olunmu. Mənfəətin hesabına baş verib. Nizamnamə kapitalı 258 milyon 718 min manatdır (dəyişməyib -ENA). Məcmu kapitalı 77 milyon 542 min manat, onun adekvatlıq əmsalı isə 13.64% təşkil edir. Eyni zamanda o da məlumdur ki, 2015-ci il devalvasiyasından sonra bank kreditlərinin qaytarılmasında böyük problemlərlə qarşılaşdı və böyük zərər açıqladı. Hazırda ötən illərin toplanmış zərəri 171 milyon 859 min manat təşkil edir. Və bu ilin əvvəlindən başlayaq bank uzun müddətdən sonra mənfəət əldə edərək, bu mənfi tendensiyanı dayandırıb. 

 

Mənfəət açıqladı 

Bank hesabat dövrünü 2019-cu ilin I yarısının yekunları üzrə 1 milyon 53 min manat məbləğində xalis mənfəət açıqlayıb. Bankın gəlirləri 54 milyon 250 min manat, xərcləri 34 milyon 219 min manat olub. Bankın mümkün zərərlərə görə ehtiyata aylrmaları 1 milyon 889 min manat olub. Halbuki, ötən ilin müvafiq dövründə bu ehtiyatlar 102 milyon 249 min manat təşkil edirdi. Belə çıxır ki, Bank ehtiyatlarını 54 dəfədən çox azaldıb və əslində mənfəət açıqlaması da birbaşa bu ehtiyatlarla bağlıdır.  

AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%),Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department