Hesabatlar

Biznes bu bankdan 888 milyona yaxın pulunu geri çəkib

Azərbaycan dövlətinin bank bazarındakı ən böyük aktivi olan “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin bəzi göstəricilərində “pandemiya izi” daha qabarıq görünür. Maraqlıdır ki, Azərbaycan Mərkəzi Bankının sədri bağlanan banklarla bağlı sahibkarlara müraciətində onlara pullarını dövlət bankında saxlamağı tövsiyyə etmişdi. Amma görünən odur ki, hüquqi şəxslərin bu bankdakı hesabları ciddi şəkildə “əriyib”. Konkret rəqəmlə ifadə etsək, yanvar-iyun aylarında hüquqi şəxslər bankdan 887 milyon 871 min manatı geri çəkiblər.

 

Aktivlərdəki azalma göstəriciləri  

ENA.az bankın hesabatına əsasın məlumat verir ki, 2020-ci ilin I yarısında ABB-nin aktivləri 8,1% azalaraq 8 milyard 477 milyon 362 min manata düşüb. Bəs, aktivlərdə ən böyük azalma nələrdədir?

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı aktivlərinin ən böyük hissəsini banklar və digər maliyyə institutlarında depozit şəklində saxlayır. Yəni, bu vəsaitlər passiv və amma daha təhlükəsiz şəkildə istifadə edilir. Belə vəsaitlərin həcmi 2 milyard 883 milyon 911 min manatdır. Lakin bu depozitlərin həcmində də ötən altı ayda 11% azalma var. Ümumilikdə bankın depozitləri aktivlərinin 34%-ni təşkil edir. Eyni zamanda, bankın nağd vəsaitləri 772 milyon 697 min manat azalaraq 1 milyard 999 min manata düşüb. 

 

Hansı kreditlər artıb?  

Bbankın daha aktiv şəkildə istifadə etdiyi vəsaitləri üzrə formalaşan kredit portfeli bu ilin yanvar-iyun aylarında 1,8% artıb və 2 milyard 418 milyon 518 min manat olub. Müqayisə üçün 2019-cu ilin altı ayının yekunlarını götürsək, kredit portfelinin həcmi 23,4% böyüyüb.

Kreditlərin kimlərə verildiyinə baxsaq, iqtisadiyyatdakı mövcud böhrana uyğun olaraq, biznes kreditləri 28 milyon 550 min manat azalıb və 1 milyard 222 milyon 633 min manat təşkil edir. Artım isə təbii ki, digər banklardakı kimi əsasən daşınmaz əmlak, yəni ipoteka kreditləri və istehlak kreditlərinin hesabına baş verib.

 

Depozitlərin həcmi azalıb

I yarımilliyin sonuna ABB-nin öhdəlikləri 11% azalaraq 7 milyard 20 milyon 384 min manata enib. Yuxarıda qeyd etdiyimiz kimi depozit portfelindəki azalma öhdəliklərin düşməsinə birbaşa təsir edib. Bunu elə bankın “Pul hərəkərinə dair hesabatı”ndan da görmək olar ki, ödənilmiş faizlərin həcmində bu azalmanın da payı var. Belə ki, hesabat dövrünün sonuna ABB-nin depozitlərinin həcmi 15% “kiçilərək” 4 milyard 792,183 milyon manat təşkil edib. Rəqəmlərdən görünən odur ki, fiziki şəxslər ötən altı ayda dövlət bankına 5 milyon manata yaxın pul əmanət ediblər. Lakin hüquqi şəxslərin depozitləri altı ay ərzində 4 milyard 447 milyon 504 min manatdan 3 milyard 599 milyon 633 min manatadək "əriyib". 

 

Vergi borcunu qaytarmağa başlayıb

Öhdəliklərin arasında bir də dəyişməz olaraq 1 milyard 700 milyon manatlıq borc qiymətli kağızları qalır ki, burada sonuncu azalma 2019-cu ilin üçüncü rübünə qədər qeydə alınmışdı. Görünən müsbət tendensiyalardan biri isə budur ki, Bank ilin əvvəlinə toplanan 72 milyon manatdan çox cari vergi öhdəliyini icra etməyə başlayıb. Yəni, dövlət xəzinəsinə 55 milyon 747 min manat ödəyərək borcunu kəskin azaldıb.

 

Bölüşdürülməmiş gəliri artıb  

30 iyun 2020-ci il tarixinə ABB-nin bankın kapitalı 8,8% 1 milyard 456 milyon 977 min manat təşkil edib. Bankın nizamnamə kapitalı 1 milyard 224,478 milyon manata (dəyişməyib) bərabərdir. Artım əsasən bölüşdürülməmiş mənfəətin artaraq 118 milyon 597 min manat olması ilə bağlıdır. Bankın məcmu kapitalı 1 milyard 350 milyon 861 min manat, məcmu kapitalın adekvatlıq əmsalı isə 37.19 % (system əhəmiyyətli banklar üçün bu norma min. 11%-dir – ENA) təşkil edir.

 

Mənfəəti azaldı 

Yanvar-iyun ayları yekunları üzrə ABB 146 milyon 277 min manat mənfəət əldə edib. Bankın faiz gəlirləri 202 milyon 225 min manat, faiz xərcləri 51 milyon 549,23 min manat, qeyri-faiz gəlirləri 60 milyon 406,57 min manat, qeyri-faiz xərcləri 75 milyon 984,65 min manat təşkil edib. Bank xüsusi ehtiyatlara 11 milyon 18 min manat ayırıb, bu isə keçən ilin müqaviq dövrü ilə müqayisədə 91,8% azdır. Qeyd edək ki, mənfəət-zərərdə oturan ehtiyat xərc hesabına yaradılır və kreditlərin qaytarılması zamanı həmin ehtiyatlar gəlirin tərkibinə qaytarılır və gəlirin formalaşmasında iştirak edir. Bank mənfəətdən 27 milyon 799 min manat vergi ödəyib və nəticədə xalis mənfəəti 118 milyon 479 min manat təşkil edib ki, bu, 2019-cu ilin I yarısı ilə müqayisədə bankın gəlirinin 51,3% azalması deməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)