Azərbaycanın yeni Xarici işlər naziri kimdir? - DOSYE
Prezident İlham Əliyev Ceyhun Bayramovu Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edib.
Ölkə başçısının digər sərəncamı ilə Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.
ENA.az saytı yeni Xarici İşlər Nazirinin tərcümeyi-halını təqdim edir:
Ceyhun Bayramov 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olunub. Bu ali məktəbi iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib.
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.
2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.
2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin olunub.
Azərbaycan Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Təhsil naziri təyin olunub. 2020-ci il iyuıun 16-da Təhsil naziri vəzifəsindən azad edilərək, Xarici işlər naziri postuna gətirilib.