Ramiz Mehdiyev sərhəddə baş verənlərə münasibət bildirdi
“Ermənistanın məhz indiki şəraitdə, cəbhə bölgəsində deyil, Tovuz istiqamətində fəallaşması təsadüfi deyil. Mövcud hərbi-siyasi vəziyyətin təhlili göstərir ki, Ermənistanın aqressiv hərəkətləri bir neçə mühüm amillə şərtləndirilib”.
ENA.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Ramiz Mehdiyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirərkən deyib.
O bildirib ki, Ermənistan hər vəchlə erməni xalqının diqqətini daxildə yaranmış ağır siyasi və iqtisadi böhrandan yayındırmağa çalışmaqla, münaqişəni dövlət sərhədinə keçirib öz havadarlarının həm hərbi, həm də informasiya dəstəyindən açıq şəkildə istifadə etməkdən çəkinmirlər:
“Ermənistan tərəfinin bu təxribata xeyli müddətdir əsaslı şəkildə hazırlaşdığı açıq-aydın görünür. Bu hazırlıqlar həm diplomatiya və informasiya cəbhələrində, həm də hərb sahəsində koordinasiyalı şəkildə həyata keçirilmişdir. Son aylarda Ermənistan ordusunun Azərbaycanın Qərb rayonlarını intensiv şəkildə atəş altında saxlaması, erməni diplomatlarının bütün platformalarda ölkəmizi işğalçı kimi qələmə vermək istiqamətindəki ardıcıl cəhdləri deyilənlərin bariz sübutudur”.
R.Mehdiyev qeyd edib ki, Ermənilərin Karib hövzəsi və Latın Amerikası regionunda apardığı informasiya təbliğatı öz fəallığı ilə xüsusilə seçilməkdədir:
“Həmçinin erməni KİV-lərinin döyüşlər başlar-başlamaz informasiya məkanına əvvəlcədən hazırlayaraq buraxdıqları təxribat xarakterli məlumat və görüntülər də bu qənaəti təsdiq edir.
Hərbi-taktiki mahiyyəti etibarı ilə ermənilərin Tovuz istiqamətindəki hücumunu döyüşlə kəşfiyyat kimi səciyyələndirmək daha doğru olar. Son təcavüz aksiyasının gedişində ermənilərin qarşıya qoyduqları başlıca məqsəd Milli Ordumuzun Qərb bölgəsindəki real döyüş resurslarını, reaksiya imkanlarını üzə çıxarmaqdır. Bu məlumatlar gələcəkdə Qarabağ zonasında başlaya biləcək hər hansı irimiqyaslı döyüş əməliyyatlarının planlaşdırılması nöqteyi-nəzərindən ermənilər üçün həyati əhəmiyyət daşımaqdadır.
Bu təxribatın əsas siyasi məqsədlərindən biri də, heç şübhəsiz ki, Azərbaycanın ictimai-siyasi nəbzini yoxlamaqdan ibarətdir. Ermənistan rəhbərləri mövcud vəziyyətdə Azərbaycanda iqtidar-xalq həmrəyliyinin, həmçinin iqtidarın xarici təhlükələr qarşısındakı monolitliyinin nə qədər möhkəm olduğunu dəqiq şəkildə bilmək istəyirlər. Bəzi erməni ekspertlərinin guya Azərbaycanda idarəçilik böhranının, cəmiyyətdə isə gərgin ictimai-siyasi vəziyyətin yarandığına dair söylədikləri uydurmalar da düşmən ölkənin həqiqi niyyətlərindən xəbər verməkdədir. Çox təəssüf ki, ermənilərin bu fikirlərini bir sıra yerli təhlilçilər də tirajlamaqda maraqlı görünürlər. Ölkənin düşmən təcavüzü ilə üzləşdiyi bu həssas günlərdə belə mülahizələri yaymaq mahiyyətcə erməni dəyirmanına su tökmək deməkdir. Dövlətin ümumi mənafeləri naminə belə yanaşmalardan əl çəkilməlidir.
Qürur hissilə bildirmək istəyirəm ki, döyüşlər haqqında xəbərlərin yayıldığı ilk saatlardan etibarən Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin və Ali Baş Komandanının yanında olduğunu nümayiş etdirdi. Bu vəhdət hər bir Azərbaycan vətəndaşı kimi AMEA əməkdaşlarında da böyük iftixar hissi doğurmuşdur.
Prezident Administrasiyasının rəhbəri vəzifəsində çoxillik idarəçilik təcrübəmə söykənərək qətiyyətlə bildirmək istəyirəm ki, Azərbaycan iqtidarında təmsil olunanlar həmişə olduğu kimi bu gün də Prezident İlham Əliyevin ətrafında sıx şəkildə birləşib. Azərbaycan hakimiyyəti möhkəm və monolitdir. Xalqımızın Ümumilli lideri Heydər Əliyevin qoyduğu yolun və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkəmiz üçün hər hansı alternativi yoxdur. Qoy Ermənistan rəhbərliyi xülyaya qapılıb özünü mənasız ümidlərlə ovutmasın. Azərbaycan xalqı və iqtidarı bir bütündür, heç kəs və heç nə onların arasına təfriqə, parçalanma salmaq gücündə deyil.
Erməni işğalçıları bilməlidirlər ki, Azərbaycan Prezidenti və xalqımız heç vaxt əzəli torpaqlarımızın itirilməsilə barışmayacaq. Qarabağ məsələsi siyasi baxışlarından asılı olmayaraq bütün azərbaycanlıların qanayan yarasıdır. Bu məsələdə hər hansı fikir ayrılığından və güzəştdən heç vaxt söhbət gedə bilməz. Əminəm ki, ordumuzun qəhrəmanlığı, Prezident İlham Əliyevin qətiyyəti və xalqımızın iradəsi ermənilərə öz mənfur niyyətlərinə çatmağa imkan verməyəcəkdir. Prezident İlham Əliyevin dediyi sözləri ermənilər daim qulaqlarında sırğa etməlidirlər: “Hərbiçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yeri göstəriləcək”. Heç kəs buna şübhə etməsin. Gec-tez, sülh, yaxud da hərb yolu ilə Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Ədalətin və beynəlxalq hüququn aliliyinin zorakılıq, işğalçılıq siyasəti üzərində zəfər çalacağı gün o qədər də uzaqda deyil”.