"Amrah Sığorta": "Amrah Bank"ın bağlanmasının bizə mənfi təsiri azdır
"Azərbaycan Mərkəzi Bankının "Amrah Bank" ASC-nin lisenziyasını ləğv etməsinin "Amrah Sığorta"ya mənfi təsiri azdır və şirkətin bazarı tərk etməsi gözlənilmir".
Bunu "Amrah Sığorta"nın İdarə Heyətinin sədri Emil Ağasıyev deyib.
O, bu barədə, bir qədər əvvəl lisenziyası ləğv edilmiş "NBC Bank" ASC-yə yaxın sığorta şirkəti - "Rəvan Sığorta" ASC-nin bazarı tərk etməsi ssenarisinin rəhbərlik etdiyi maliyyə qurumunda təkrarlanması ehtimalına münasibət bildirərkən danışıb.
"Bizim topladığımız sığorta haqlarında bank kreditlərinin payı elə də yüksək olmayıb. Portfelimizi kifayət qədər şaxələndirmişik və xüsusilə avtomobil sığortası sahəsində uğurla fəaliyyət göstəririk, müştərilərimizə normal xidmət edirik, odur ki, maliyyə vəziyyətimiz yaxşıdır və bazarı tərk etməyəcəyik", - deyə sədr qeyd edib.
Xatırladaq ki, "Amrah Sığorta" və "Amrah Bank"ın səhmdarları eyni şəxslərdir. Belə ki, sığorta şirkətinin səhmlərinin müvafiq olaraq 85%-nə və 15%-nə nəzarət edən Yunis və Əmrah İldırımzadələr Bankda 53,2% və 0,3% paya malik olub.