Dünyanın ən bahalı cib saatı satıldı - 21 MİLYON DOLLARA
İyirmi dörd karatlıq qızıldan hazırlanmış 500 qram ağırlığındakı Henry Graves Supercomplication adlı saat Cenevrədəki Sotheby's hərracında 21 milyon dollara satılıb. Saatı 1930-cu illərin əvvəllərində Nyu-Yorklu bankir Henri Qreyvsin sifarişi ilə İsveçrənin Patek Philippe firması hazırlayıb.
ENA.az BBC telekanalına istinadla xəbər verir ki, Henry Graves Supercomplication 56 il ərzində dünyanın ən qəliz mexanizmə malik saat statusunu saxlaya bilib. Bu saat standart əqrəblərdən başqa təqvimi, Ayın fazalarını, saniyənin yüzdə birini ölçən və digər funksiyaları olan 24 müxtəlif mexanizmə də sahibdir. Ümumilikdə 920 detaldan ibarət saatın hazırlanmasına səkkiz il vaxt sərf olunub.
Henry Graves Supercomplication saatı sahibi – Qətərli incəsənət kolleksiyaçısı Səud bin Muhəmməd əl-Taninin vəfatından iki gün sonra satılıb. Saatın satışından əldə olunan vəsaitin onun Sotheby's kompaniyasına olan külli miqdarda borcunun ödənilməsinə sərf ediləcəyi bildirilir.