ENA+

İnsanlar təbiətcə tənbəldirlər?

Üç milyondan çox insan kimi Kaliforniya qubernatoirunun yayımladığı qısa filmə baxıb və yəqin ki, siz də onların sırasına daxilsiniz. Bu videoda komik Larri Devid insanları rəsmi tövsiyələrə əməl etməyə və Covid-19-un yayılmasının qarşısını almaq üçün evdə qalmağa çağırır. O deyir: sizə nə olub, “axmaqlar”? Məncə, bütün günü kresloda oturub televizora baxmaq fürsətini qaçırırsınız! 

Hamımız sağlamlıq üçün faydalı olan, lakin əməl etmək istəmədiyimiz tövsiyələri eşitməyə öyrəşmişik: daha çox məşq et, gün ərzində daha çox meyvə-tərəvəz ye və s. Ancaq bu dəfə rəsmi məsləhət çox sadə səsləndi: bütün günü divanda uzan, televizora bax, evdə otur. 

Əslində, hər şey başa düşndüyünüz qədər sadə deyil. Məlum oldu ki, biz bioloji olaraq daha az iş görməyə proqramlaşdırılmamışıq. Əksinə – yüksək rifahın açarı aktiv fəaliyyətdədir. Və ya ən azı iş və istirahət arasındakı tarazlıqdadıq. 

Düzdür, tez-tez müvəffəq olmaq üçün asan yol axtarırıq, müqavimət göstərmək istəmirik. Əgər əlinizdə pult varsa, niyə ayağa qalxıb kanalları dəyişdirəsiniz ki? Əgər həyətinizdə avtomobil varsa, niyə ərzaq marketinə velosipedə minib gedəsiniz ki? Əgər gün ərzində iki dəfə az işləmək olarsa, niyə çox işləyəsiniz ki?

Hər bir iş zehni və fiziki fəaliyyət tələb edir, buna görə fürsət yarandıqda ondan qaçmağın mənası var. Və müəyyən hallarda etdiyimiz şey budur. Buna ən az səy prinsipi və ya Zipf Qanunu deyirlər. Lakin biz bu qanunu tək-tək hallarda deyil, hər zaman pozuruq!

Nə vaxtsa heç nə etməməyi xəyal etmisinizmi? Bütün günü uzanmaq və ya yatmaq. Sadəcə tavana baxmaq, səssizliyə qulaqq asmaq. Cazibədar səslənir, amma reallıqda heç nə etməmək (tənlikdən yuxunu çıxsaq) çox çətindir. 

Virciniya Universitetinin bir neçə il əvvəl apardığı məşhur araşdırmada iştirakçılar bir-bir tamamilə boş otağa daxil olurdu. Onların yanında nə telefon, nə də kitab yox idi. Üstəlik, əsas şərtlərdən biri yatmamaq idi. Bütün iştirakçıların topuqlarına elektrodlar bərkidilmişdir. 

Sizcə, nə baş verdi? İştirakçılara deyildi ki, klaviaturanın düyməsini basdıqda onlar elektrik zərbə alacaqlar. Siz elə düşünə bilərsiniz ki, heç kim özünü bu riskə atmaz. Yanılırsınız. Araşdırma göstərdi ki, kişilərin 71%-i düyməni ən az bir dəfə basdı, onlardan biri bunu hətta 190 dəfə etdi. Məlum oldu ki, heç nə etməmək o qədər çətindir ki, insanlar özlərinə zülm verməyə üstünlük verirlər. 

Bu, əlbəttə ki, ifrat bir haldır, amma gündəlik həyatdan bilirik ki, insanlar daim etməli olmadıqları işləri görürlər. Marafon qaçan və ya idman zalında yüz kiloluq ağırlıqlar qaldıran dostunuzu xatırlayın. Bəs yerin qütblərinə çatmaq üçün buz parçası üstündə səyahət edən insanlar necə?

Toronto Universitetindən olan Maykl İnzliht bunu səylər paradoksu adlandırır. Bəzi hallarda biz asan yol seçirik və mümkün qədər az iş görürük, digər hallarda isə vəziyyəti olduğundan daha yüksək qiymətləndiririk. Məsələn, krossvord üstündə saatlarla baş sındıra bilərik, halbuki bütün cavabları İnternetdə də tapa bilərik. 

Bunu erkən yaşda öyrənirik. Uşaqlıqda göstərdiyimiz səylərə görə mükafat alırdıq və zaman keçdikcə səylər naminə səylərdən zövq almağa başlayırıq. 

Dünyadakı bir çox dağların zirvəsinə kanat yolu ilə çatmaq mümkündür. Lakin, əlbəttə ki, alpinistlər dik qayaya gecə saatlarında dırmaşmağı seçirlər, donmaq və ya sürüşüb yıxılmaq təhlükəsi olsa da. İqtisadçı Corc Levenşteyn izah edir ki, insanlar lazım olmasa belə, hədəflərə çatmaq və çətinliklərin öhdəsindən gəlmək şansına qarşı çıxa bilmirlər. 

Çox güman ki, özünüzü alpinistlərlə əlaqələndirmirsiniz, lakin əksər insanların davranışında “Ikea effekti”ni müşahidə etmək olar – onlar əl işi olan əşyalara daha çox dəyər verirlər. 

Siz bir neçə həftə tənbəl olmağın  gözəl olduğunu düşünə bilərsiniz, amma əslində bu bizi tamam başqa bir şey etməyə məcbur edir. Məcburi və uzunmüddətli istirahət, əgər xəstələnməsək və bədənin buna ehtiyacı olmasa, narahatlığa və əsəbiliyə səbəb olur. Bu səbəbdən pandemiya zamanı adi həyatımızdakı tarazlıq hissini qoruyub saxlamaq lazımdır. 

Buan görə də fiziki hərəkətlər etmək, qarşına mürəkkəb hədəflər qoymaq vacibdir. Psixoloq Mihai Çiksentmihai qeyd edir ki, insan rəssamlıq, bağçılıq və ya “puzzle” oyunu kimi faydalı məşğuliyyətlər tapmalıdır ki, vaxtın necə keçdiyini hiss etməsin. 

Göründüyü kimi, biz təbiətcə tənbəl deyilik. Təəccüblüdür, amma daha çox istirahət etmək üçün daha çox səy göstərmək lazımdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)