MALİYYƏ

"Banklardan pulu 10-11%-lə götürməyə hazırıq"

Azərbaycan bankları razı olarlarsa, mikromaliyyə təşkilatları onlardan sərfəli faizlərlə vəsait götürməyə hazırdırlar. Bu barədə Azərbaycan Mikromaliyyəşmə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva bildirib.

Onun sözlərinə görə, hazırda banklarda böyük məbləğdə  - 5 milyard manat likvidlik var və banklar bu vəsaitləri kredit bazarında etibarlı yerləşdirə bilmirlər. Halbuki, ölkənin mikromaliyələşmə təşkilatları krelit vermək üçün xaricdən vəsaitlər cəlb etməli olurlar: “Bu vəsaitlər (yəni xaricdən cəlb olunanlar) həm bahadır (yəni yüksək faizlə verilir), həm də onlar xarici valyutada verildiyi üçün biz həmin vəsaitlərin hedcinqinə də (valyuta məzənnəsinin sabitlənməsi) vəsait xərcləyirik. Nəticədə xaricdən alınan vəsaitlər bizə yüksək faiz dərəcəsi ilə başa gəlir. Banklardan isə bu vəsaitləri nisbətən aşağı  faizlərlə almaq olar”.

Xatırladaq ki, hazırda əllərindəki pulları kredit kimi yerləşdirməyə çətinlik çəkən banklar vəsaitlərini Mərkəzi Bankın notlarına, Maliyyə Nazirliyinin istiqrazlarına yatırır, eləcə də Mərkəzi Bankın təşkil etdiyi depozit hərraclarında iştirak etməklə depozitə saxlayırlar.

Bir qayda olaraq bu əməliyyatların gəlirliliyi illik 7,6-8% ətrafındadır. Ənənəvi kreditlərdən xeyli aşağı faiz olsa da, banklar bu əməliyyatlara böyük maraq göstərirlər – bir qayda olaraq belə hərrəclarla tələbat təklifi 3-4 dəfə üstələyir.

Mikromaliyələşmə təşkilatları isə banklara daha yaxşı şərtlər təklif edirlər: “Biz onlardan vəsaiti 9-10, hətta 11%-lə götürməyə hazırıq. Razı olarlarsa bu şərt mikromaliyyəçilər üçün də sərfəlidir”-deyə J.Hacıyeva bildirib.

Hərçənd, onun sözlərinə görə, hələlik banklar bu sahəyə maraq göstərmir, bir qədər əvvəl Assosiasiya bir neçə bankla bu mövzuda danışıqlar aparsa da nəticəsi olmayıb. İcraçı direktor bunu “bankların mikromaliyəçilərə potensial rəqib kimi baxması” ilə izah edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)