Yol polisi karantin postlarında xüsusi vasitələri işə saldı
Bakı şəhərində sərt karantin rejimi ilə bağlı yaradılmış karantin postlarında sıxlığı aradan qaldırmaq üçün tədbirlər görülür.
Bunu açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, bununla bağlı karantin postlarına nəzarət edən yol polislərinə xüsusi texniki vasitələr verilib: "Bu vaxta qədər əgər bir avtomobilin yoxlanışı üçün 15-20 saniyə vaxt sərf olunurdusa, indi 3-5 saniyəyə avtomobil sürücüsü yoxlanılır. Belə ki, sürücü şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin şəxsiyyət vəsiqəsi texniki vasitəyə yaxınlaşdırılır və dərhal da onun icazə alıb-almaması müəyyən olunur. Sürücülərdən xahiş edirik ki, şəhər ərazisində quraşdırılan stasionar karantin postlarına yaxınlaşarkən icazə vərəqi və ya telefondakı sms cavabı deyil, şəxsiyyət vəsiqəsini təqdim etsinlər. Üzərində hər hansısa fəaliyyətinə icazə verilən qurumun vəsiqəsi, icazə sənədi olsa da, sürücü və ya sərnişin yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə qısa zamanda yoxlanılır. Postlardakı nəzarətçi polislərdə olan xüsusi texniki vasitə şəxsiyyət vəsiqəsi ilə həmin şəxsin icazəli olub-olmadığını dərhal müəyyən edir. Nəticədə karantin postlarında süni tıxaclar yaranmır".
V. Əsədov bildirib ki, hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə rəisləri və vəzifəli zabitləri də paytaxt yollarında yaradılmış karantin postlarında xidmətə cəlb olunublar.