BMW M5 CS 650 at qüvvəli mühərrikə SAHİB OLACAQ
BMW 5 Series ailəsinin planlaşdırılan yenilənmə hekayəsi hələ bitməyib. Artıq Bavariya istehsalçısı sedan və universalın, həmçinin “bərkgedən” M5 sedanının yenilənmiş versiyalarını təqdim edib. Hətta, Alpina atelyesi yenilənmiş modellərin təkmiləşdirilmiş versiyalarını da hazırlayıb. Lakin, ilin sonuna qədər bu ailənin daha bir üzvü debüt etməlidir.
Hər halda, BMWBlog saytındakı həmkarlarımız belə qənaətə gəliblər. Onların sözlərinə görə, BMW M5 CS modeli hazırkı 4,4-litrlik V8 mühərrikini qoruyub saxlayacaqdır. M5 Competition modelində 625 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən mühərrik, M5 CS sedanında 650 at qüvvəsi və 800 Nm fırlanma anı təklif edəcəkdir. Eyni zamanda, transmissiyanın təkmilləşdirilməsi elektronika ilə idarə edilən arxa differensialın modernləşdirilməsi ilə məhdudlaşacaqdır.
Bundan əlavə, sedanda daha sərt asqı sisteminin quraşdırılacağı bildirilir (yenilənmiş BMW M5 Competition modelində, əksinə, rahatlığı artıran amortizatorlardan istifadə edilmişdir). Modelin standart təchizatına karbon-saxsı əyləc mexanizmləri və karbondan dam daxil ediləcəkdir.
Bundan başqa, bəzi aerodinamik yeniliklər də tətbiq olunacaqdır. BMW M5 CS modeli bir neçə eksklüziv kuzov rəngini, xüsusi təkər disklərini və xüsusi interyer tərtibatına əldə edə bilər.
İlkin məlumatlara görə, super sedan məhdud sayda və olduqca kiçik tirajla buraxılacaq, standart BMW M5 sedanından təxminən 10% baha olacaqdır.
Autograph.az