Azərbaycanda iki həftəlik sərt karantin rejimi başladı - QADAĞALAR
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində Azərbaycanın bəzi bölgələrində hərəkət məhdudiyyətləri müəyyən olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 21 iyun saat 00:00-dan 6 iyul saat 00:00-a qədər aşağıdakı qaydada tətbiqi ilə bağlı qərara alır.
Qərara əsasən, bəzi sahələrin fəaliyyətinə icazə verilib:
1. Səhiyyə və sosial sahə üzrə:
1.1. elmi tədqiqat və laborator xidmətləri;
1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
1.5. sosial xidmətlər;
1.6. sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
2. İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təsərrüfatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
4. Əsas istehsalat növləri:
4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
4.2. neft avadanlıqları və qurğularının istehsalı;
4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.5. kimyəvi məhsulların istehsalı;
4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.7. əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı;
4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;
4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.12. mühəndislik və layihələndirmə xidmətləri;
4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
4.14. qablaşdırma məhsullarının istehsalı;
4.15. daş, metal və taxta məhsullarının istehsalı;
4.16. mebel istehsalı və təmiri;
4.17. diri heyvanların kəsimi.
5. Pərakəndə və topdan satış üzrə:
5.1. ərzaq məhsullarının satış məntəqələri;
5.2. apteklər;
5.3. yanacaqdoldurma məntəqələri;
5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
5.6. onlayn satışlar.
6. Məişət xidmətləri üzrə:
6.1. məişət tullantılarının yığılması və utilizasiyası;
6.2. kimyəvi təmizləmə;
6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
6.4. avtomobillərin təmiri;
6.5. avtomobil yuyulma məntəqələri;
6.6. heyvan sığınacaqları.
7. Kütləvi informasiya vasitələri.
8. Maliyyə təşkilatları üzrə:
8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
8.2. investisiya şirkətləri, fond birjaları;
8.3. sığorta təşkilatları;
8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
9. Xüsusi xidmət növləri üzrə:
9.1. çatdırılma xidmətləri;
9.2. tərcümə xidmətləri;
9.3. poçt xidmətləri;
9.4. dezinfeksiya xidmətləri.
10. Vəkillik fəaliyyəti.