Azərbaycandan depozit və nağd valyuta formasında kapital çıxışı kəskin artıb
Media tədiyə balansının detallarına baxmalı, sadəcə rəqəmləri olduğu kimi paylaşmamalı, göstəricilərin daha detallı açıqlanması üçün MB-nin yaxasından tutmalıdır.
Çünki tədiyə balansı statistikası üzrə məlumatlar kimsənin şəxsi məhsulu deyil, ölkədə investorların müstəqil durum dəyərləndirməsi aparmaq üçün istinad edəcəyi ilk mənbə buradır.
2020-ci ilin 1-ci rübünün tədiyə balansı ilə bağlı media MB-nin statistikasını yaydı, amma makroiqtisadi durumu və risləri qiymətləndirmək baxımından bəzi vacib göstəricilərə diqqət çəkən olmadı.
1) 2019-ci ilin eyni dövrünə nisbətən bu ilin ilk 3 ayında ölkədən depozit və nağd valyuta formasında kapital çıxışı kəskin artıb.
Belə ki, keçən ilin yanvar-mart aylarında Azərbaycan rezidentlərinin xaricdə saxladığı depozit və nağd valyutanın ölkəyə qaytarılması sayəsində bu maddə üzrə 368 mln. dollar xalis kapital qayıdışı baş vermişdi. Bu il isə əksinə rezidentlər bu xətlə ölkədən 611.4 mln. dollar çıxarıblar.
Azərbaycan banklarının xaricdəki vəsaitlərinin geri qaytarılması hesabına 172.2 mln. dollar məbləğində xalis kapital qayıdışı, digər sektorların ölkədən apardığı vəsaitlər hesabına isə 834.5 mln. dollar xalis kapital çıxışı baş verib.
Halbuki bütövlükdə 2019-cu ilin yekunlarına görə Azərbaycan rezidentlərinin xaricdəki depozit və nağd formada vəsaitlərinin geri qayıtması hesabına ölkəyə 2.2 mırd. USD xalis kapital girişi baş vermişdir.
2) Ticarət kreditlər üzrə öhdəliklərdə mənfi göstərici qeydə alınıb. Yəni ticarət kreditləri üzrə öhədliklərin azaldılması nəticəsində ölkədən 178 mln. dollar məbləğində xalis kapital çıxışı baş verib.
Ticarət kreditləri üzrə öhdəliklər nə zaman mənfi olur?
Hesabat dövrü ərzində dəyəri Azərbaycana ödənmiş, lakin hesabat dövrünün sonuna müvafiq ölkəyə təqdim edilməmiş mal və xidmətlərin, həmçinin xaricdən idxal olunmuş, lakin dəyəri müvafiq ölkəyə ödənilməmiş mal və xidmətlərin birlikdə dəyəri bu kanallar üzrə xaricə göndərilmiş malların (xidmələrin) ümumi dəyərindən və ödənən ümumi məbləğlərdən az olduqda, ticarət kreditləri üzrə öhdəliklər mənfi olur.
Beləliklə, qeyd olunan 2 kanalla ötən ilin yanvar-mart aylarında 718 mln. dollar daxil olmuşdusa, bu ilin eyni dövründə əksinə 800 mln. dollar xalis kapital qaçışı baş verib.
Ötən ilki kapital qayıdışının bu ilki kapital çıxışı ilə əvəzlənməsinin səbəbi nədir? Bu suala MB cavab verməlidir.
3) Ölkəddən "xalis xəta və nöqsan" maddəsi altında 596 mln. dollar kapital qaçışı baş verib.
Bunun bir izahı varmı?
Məlumat üçün deyim ki, 2015-2019-cu illərdə bu xətlə ölkədən kapital çıxışı cəmi bir dəfə - 2017-ci ilin 1-ci rübündə baş vermişdi. O zaman isə bu məbləğ xeyli kiçik olmuşdu (225 mln. dollar).
Bu sulların cavabı ilə bağlı MB-dən şərh alacaq mediaya öncədən təşəkkürlər..
Rövşən Ağayev
iqtisadçı-ekspert