“Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik”
Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır. Bunun nəticəsidir ki, pandemiyadan ölənlərin sayı da çoxalmaqda davam edir. Təəssüflər olsun ki, yoluxanlarla sağalanlar arasında ciddi fərq müşahidə olunur. Virusa yoluxanların sayının sağalanlara nisbətən artması pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin daha da sərtləşdirilməsini zəruri edib. Elə bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” iyunun 4-də imzaladığı qərarını göstərmək olar. Həmin qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək (ötən həftənin şənbə və bazar günü – red) Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Həmçinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi. Lakin bu qərar ictimaiyyətdə bimənalı qarşılanmayıb. Çünki bəziləri yalnız həftə sonları tətbiq olunan bu qadağanın nəticəsiz olduğunu düşünür. Bəs görəsən, sərt krantin rejiminin nəticəsi nə zaman bilinəcək?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, ixtisasca həkim olan Musa Quliyev açıqlamasında bildirib ki, COVID-19-un inkubasiya müddəti 7-14 gündür və iyun ayının ikinci yarısından sərt karantin rejiminin müəyyən nəticələrini görmək mümkün olacaq.