Kamran Əliyev: "Bu cərimə insanın ömrünün sonunadək onun üzərindədir"
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev sosial şəbəkələrdə karantin dövründə tətbiq olunan cərimələrin pandemiyadan sonra ləğv olunacağı ilə bağlı yayılan məlumatlara açıqlama verib.
ENA.az xəbər verir ki, K.Əliyev AzTV-də yayımlanan “Çıxışa doğru” verilişində insanları təxribata uymamağa çağırıb:
“Aydın məsələdir ki, qayda-qanunu pozan cərimə də olunur. Cərimə mexanizmi də olduğu kimi işlək vəziyyətdədir. Şayiə buraxılmışdı ki, guya karantin rejiminə görə cərimələnən, məsuliyyətə cəlb olunan şəxslər bu məsuliyyətdən azad olunacaqlar. Buna inanmayın. Kiminsə yalan ifadələrinə inanıb ardıcıl qayda pozmayın. Bu cərimə insanın ömrünün sonunadək onun üzərindədir. Bunun heç bir vaxt məhdudiyyəti yoxdur ki, 3-4 il keçəndən sonra bu cərimə ləğv olunacaq. Xeyr. İnsan yaşadığı müddətdə o cərimə onun üzərindədir və o cəriməni ödəmək məcburiyyətindədir. Bəzi ictimai birliklər cərimələrin ləğv olunacağı ilə bağlı təbliğata qoşulurlar və sosial şəbəkələrdə də insanları qızışdıranlar həmin şəxslərdir”.