"Əməkhaqları var, sadəcə olaraq "kölgə"dədir"
Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə məsələni əhatə edir. Vergitutma bazasının vergi yükünün artırılması yolu ilə deyil, "kölgə"də fəaliyyət göstərənlərin vergitutmaya cəlb edilməsi yolu ilə genişləndirilməsi nəzərdə tutulur.
"BI" xərər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu, Azərbaycan Prezidentinin tapşırığına əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükün azaldılması ilə bağlı təqdim edilən dəyişikliklər sırasında başlıca yer tutur:
Eləcə də bax: Bələdiyyələrə dotasiya 500 min manat azaldılacaq
"Məlum olduğu kimi, qeyri-rəsmi əməkhaqqı və qeyri-iş yerləri nəticəsində "kölgə iqtisadiyyatı"nda çalışan işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və əməkhaqqı rəsmi müqavilədə göstərilmədikdə sosial sığorta haqları toplanılmır və ödənişlər fərdi pensiya hesabında əks olunmur. Bu da öz növbəsində, işçiləri layiqli pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan təklif olunan islahat 100 minlərlə insanın pensiya və sosial müdafiə hüquqlarının bərpa edilməsini nəzərdə tutulur".
Eləcə də bax: Maaşların sosial sığortaya cəlb edilmə mexanizmi belə olacaq
M.Cabbarovun sözlərinə görə, bəzi statistik rəqəmlərə nəzərə saldıqda görərik ki, əhalinin pul gəlirlərinin cəmi 25 faizi əmək ödənişlərini təşkil etdiyi halda, qonşu ölkələrdə bu göstərici 40-65 faizə qədərdir: "Ona görə də biz xüsusi olaraq vurğulayırıq ki, bu əməkhaqları var, sadəcə olaraq "kölgə"dədir. Biz bu tədbirlərlə onların "kölgə"dən çıxarılmasını təmin etmək istəyirik".