«iPhone XS» və «iPhone XR» «Apple»i çökdürdü
Yeni smartfonların buraxılması «Apple» şirkətinə baha başa gəlib.
"BI" xəbər verir ki, dünya birjalarında «Apple»nin səhmlərinin kəskin ucuzlaşması nəticəsində şirkət bazar dəyərini sürətlə itirib və artıq dünyanın ən bahalı şirkəti sayılmır. Son məlumatlara görə, «iPhone XS» və «iPhone XR» modellərinin buraxılmasından və onların əvvəlki modellər kimi uğur qazanmamasından sonra şirkətin bazar dəyəri rekord hədd sayılan 1 trilyon dollardan 746 milyard dollaradək aşağı düşüb.
Nəticədə «Microsoft» şirkəti 753 milyard dollarlıq bazar dəyəri ilə «Apple»i keçərək dünyanın ən bahalı şirkətlərinin siyahısında birinci yerə keçib.
Eləcə də bax: “Apple” rəhbərindən gözlənilməz etiraf
Qeyd edək ki, «Apple» şirkəti bazar dəyərinə görə, 2010-cu ildən «Microsoft»u qabaqlayırdı.
Ən bahalı şirkətlərin ilk 3-lüyünü isə 736,8 milyard dollar göstərici ilə «Amazon» tamamlayır. «Google» şirkətinin sahibi olan «Alphabet» isə 726 mlrd. dollar bazar dəyərinə malikdir.
Qeyd edək ki, avqustun 2-də NASDAQ birjasında «Apple»in bir səhminin qiyməti 207,04 dollara qalxmış və nəticədə şirkətin bazar dəyəri tarixdə ilk dəfə olaraq 1 trilyon dolları keçmişdi. Bundan sonra da «Apple»in səhmləri bahalaşmaqda davam edirdi və onların qiyməti 231 dollara yüksəlmişdi.
Amma payızda yeni smartfonların təqdimatından və o qədər də yaxşı olmayan maliyyə nəticələrinin açıqlanmasından sonra şirkətin səhmləri ucuzlaşmağa başlayıb və bir neçə həftə ərzində 172 dollara düşüb.
«Apple»in vəziyyətini pisləşdirən əsas səbəb yeni smartfonların, xüsusilə də «iPhone XR»in uğurlu olmaması və sifarişlərin azalması idi. Bundan başqa, «Apple»in öz sonuncu hesabatında satılan smartfonların sayını gizlətməsi də investorların narahatlığına və son nəticədə səhmlərin ucuzlaşmasına səbəb olub.