Maliyyə naziri: Qeyri-standart vəziyyətlə üzləşmişik
“5 ayın nəticəsinə görə büdcəmizdə kifayət qədər böyük profisit var. Düzdür, deyə bilərsiniz ki, Dövlət Neft Fondu valyuta satışını bir az qabaqlama həyata keçirməklə dövlət büdcəsinə trensferti tezləşdirib. Amma bu transferti çıxmaqla kifayət qədər artıqlığımız var".
ENA.az xəbər verir ki, bu sözləri Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, 350 milyon manat profisit proqnozlaşdırıldığı təqdirdə bu ilin 5 ayının nəticəsinə görə, büdcədə 500 milyon manatdan çox profisit yaranıb.
"Karantinlə əlaqədar olduqca qeyri-standart vəziyyətlə üzləşmişik. Vəziyyəti daha dərindən öyrənməliyik və büdcənin icrasına dair çağırışlarımızı təhlil edərək, təkliflərimizi edəcəyik”.
Qeyd edək ki, bu ilin əvvəlindən neft kəskin ucuzlaşdı və bir neçə gün 20 dollardan aşağı düşdü. May ayında OPEC+ sazişinin qüvvəyə minməsi ilə neftin orta qiyməti 32,5 dollar təşkil edib. Büdcədə isə neftin qiyməti 55 dollar götürülüb. Bu halda iqtisadçılar üçün 500 milyonluq profisitin mənbəyi maraqlıdır.