Azərbaycanda daxili turizmin inkişafı ilə bağlı yeni konsepsiya hazırlanıb
Azərbaycan Turizm Assosiasiyası (AzTA) “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyasını təqdim edib.
Bu barədə “ENA”ya AzTA-dan məlumat verilib.
Məlumatda deyilir ki, konsepsiya qurumun təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən aparıcı turizm qurumları tərəfdaşlığının yaradılması və Assosiativ Memorandumun imzalanması çərçivəsində təklif, tövsiyə və məsləhətləri ilə vahid platformadan çıxış edərək turizm qurumlarının pandemiya və postpandemiya dövründəki fəaliyyətini müzakirə edərək hazırlanıb.
Karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs edən konsepsiyada vəziyyətdən çıxış yolları üçün konkret təkliflər göstərilir.
Sənəd Azərbaycanda 2025-ci ilə qədər daxili turizmin inkişafının strateji məqsəd və vəzifələrini müəyyən edir. Konsepsiya Azərbaycanın turizm potensialının qiymətləndirilməsinə əsaslanıb. Konsepsiya ölkədə turizmin inkişafının hüquqi, təşkilatı və iqtisadi mühitinin yaranmasına istiqamətlənib. Konsepsiya Azərbaycanda daxili turizmin inkişafını müəyyən edən sənəd olmaqla gələcək planların, proqram və müxtəlif lahiyələrin həyata keçirilməsinə xidmət göstərə bilər.
“Biz nikbinik və əminik ki, Azərbaycanın tükənməz turizm potensialı, peşəkar turizm işçiləri, Azərbaycan turizmini bu çətin vəziyyətdən çıxaracaq və turizmi inkişaf etdirəcəkdir. Tərəfdaşlıq Memorandumuna qoşulan bütün turizm qurumları, daxili turizmin bərpası və inkişafı üçün konkret konsepsiya irəli sürür”, - bunu AzTA-nın rəhbəri Əhməd Qurbanov deyib.
Konsepsiya Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının, DAİR Hotellər və Restoranlar Assosiasiyasının, Ekskursiya - bələdçisi” Klubunun, “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin və “İctimai iaşə sahəsində maarifləndirmə” İctimai Birliyinin nümayəndələrindən ibarət ekspert qrupunun dəstəyi ilə hazırlanıb.