İnsan gözü ilə müqayisədə daha yaxşı həssaslığa malik süni göz yaradılıb
Honkonqda insan gözü ilə müqayisədə daha yaxşı həssaslığa malik süni göz yaradılıb. Tədqiqatçıların sözlərinə görə, gələcəkdə bu texnologiya protez və humanoid robot texnikasının yaradılması üçün tətbiq ediləcək.
“Hightech.fm” saytı yazır ki, Honkonq Elm və Texnologiya Universitetinin mütəxəssisləri tərəfindən yaradılmış süni göz artıq müvafiq test və sınaqlardan keçib və onun insan gözü ilə müqayisədə daha yaxşı olduğu məlum olub. Faktiki olaraq, bu qurğu üçölçülü süni torlu qişadır. Bükülmüş membran alüminium oksiddən yaradılıb və günəş elementlərində istifadə edilən perovskitdən hazırlanmış miniatür datçiklərlə təchiz edilib.
Beynin görmə qabığını təqlid edən naqillər bu sensorlar tərəfindən toplanılmış vizual informasiyanı emal üçün kompüterə ötürür.
Sözügedən qurğu insan gözünün heç nəyi ayıra bilmədiyi qaranlıqda görməyə imkan verir. İstehsalçıların sözlərinə görə, belə gözün sahibi gecə görmə qabiliyyətinə yiyələnəcək. Tədqiqatçılar, həmçinin iddia edirlər ki, bu göz işıq dəyişikliyinə insan gözü ilə müqayisədə daha sürətli reaksiya verə bilər ki, bu da ona az bir müddətdə dəyişən şəraitə uyğunlaşmağa imkan verir.
Ictnews