Sosial iqtisadiyyat

Ölkədə özəl sektorda çalışanların payı artıb

2020-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 min nəfər və ya 4,1 faiz artaraq 1 milyon 646,1 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsindən daxil olan məlumatda deyilir.

Muzdla çalışanlardan 911,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 734,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Dövlətdə çalışanların sayı artsa da, özəldə daha çox artıb.

Ötən ilin eyni dövrü ilə müqayisə edildikdə, bu il, özəl sektorun ümumi işləyənlərdə payının daha çox artdığını müşahidə edirik. Məsələn, cari ilin 1 aprel tarixinə ölkədə dövlətin ümumi muzdla işləyənlərin sayında payının 55,4% olduğunu görürük, bu ötən ilin eyni dpvründə 56,4% idi. Özəl sektorda çalışanların payı isə son bir ildə 43,6%-dən 44,6%-ə qədər artdığını görərik.

DSK-nin açıqlamasında deyilir ki, muzdla işləyənlərin:

  • 20,3 faizi təhsil,
  • 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri,
  • 13,0 faizi sənaye,
  • 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,
  • 7,5 faizi tikinti,
  • 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,
  • 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı,
  • 3,5 faizi peşə, elmi və texniki fəaliyyət,
  • 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
  • 1,8 faizi maliyyə və sığorta fəaliyyəti,
  • 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)