“Rəqəmsal asılılıq”: O, insanı necə məhv edir və buna müqavimət göstərmək olarmı?
Bu gün biz və övladlarımız bir çox virusdan daha qorxulu təhlükə altındayıq – rəqəmsal asılılıq. Bu konsepsiyaya insanın zehni potensialını tam olaraq ortaya qoymasına mane olan, o cümlədən beynin funksiyalarının pozulmasına gətirib çıxaran faktorlar daxildir.
Xəstəliyin tarixi: 80-cı illərdən bu günə qədər
1980-cı illərdən başlayan kütləvi kompüterləşmə, iş və ya asudə vaxtdan daha çox kompüterə vaxt ayırmağa başlayan insanların sayının artmasına səbəb oldu. Yetkinlər və uşaqlar daha çox oynamağa başladılar, İnternet və qadjetlər yaranana qədər kompüter oyunlarından (qumar oyunu ilə səhv salmayın) asılılıq problemi çox geniş yayılmışdır. Vəziyyət 90-cı illərin ortalarında qlobal şəbəkənin inkişafı ilə daha da ağırlaşdı – forumlar və söhbət otaqları (“chat”lar) getdikcə real ünsiyyəti əvəz etməyə başladı və məqsədsiz olaraq şəbəkədə oturmaq (İnternet-sörfinq) populyarlaşdı.
2000-ci illərdə sosial şəbəkələrin və qadjetlərin aktiv inkişafı virtual asılılığın köklərini gücləndirdi. Əgər əvvəllər “başı telefonda qalan” insanlar ətrafdakılar tərəfindən mərhəmətlə qarşılanırdısa, indi “virtual dostundan” asılı olmayan insanların sayı birincilərdən daha azdır. İnsanın mobil cihazlara bağlılığını ifadə edən xüsusi termin ortaya çıxdı – “qadjetdən asılılıq” və ən kədərlisi odur ki, onlar arasında uşaqlar və yeniyetmələr üstünlük təşkil edir.
Rəqəmsal asılılıq probleminin yalnız son illərdə rəsmi şəkildə tanınmasına baxmayaraq (2010-cu illərin əvvəllərinə qədər yalnız qumaq oyunlarına ciddi qəbul edilirdi), bəzi psixoloqlar çoxdandır ki, həyəcan siqnalını çalırlar: hələ 1990-cı illərin ortalarında amerikalı Kimberli Yanq birinci həmvətənlərinin, daha sonra bütün dünyanın diqqətini kiberasılı inanlara yönəltdi və 1995-ci ildə Pensilvaniyada “İnternetdən Asılılıq Mərkəzi” ni qurdu.
Virtual asılılığın əlamətləri və təhlükələri
Bu zehni pozğunluqun ən güclü işarələri tez-tez birlikdə müşahidə olunan üç davranış xüsusiyyətidir:
1. Tədricən “doza” nın (yəni kompütə və ya qadjetə ayırdığınız vaxt) artması.
2. Virtual reallığın həyatdakı fəaliyyəti əvəz etməyə başlaması.
3. İnternet olmadığı halda emosional vəziyyətin pisləşməsi.
Göründüyü kimi, bu mənzərə başqa birinə oxşayır – narkotik maddələrdən asılılıq. Narkoman üçün vacib olan tək şey narkotik maddələrdir və o, dozanı qəbul etdikdən sonra özünü yaxşı hiss edir. Bundan əlavə, insanın həyat ritmində müəyyən dəyişikliklər baş verməyə başlayır, ünsiyyət dairəsi daralır, özünə və vəzifələrinə diqqətsiz münasibət ortaya çıxır.
Bütün bunlar şəxsiyyətin deqradasiyasına səbəb olur: zehni qabiliyyət azalır, həyatda real məqsədlər virtual məqsədlərlə əvəz olunur, zehni və fiziki sağlamlıq pisləşir. Canlı ünsiyyət messencerlərdə və sosial şəbəkələrdə yazışmalarla əvəz olunur. Bir sözlə, bizə yalnız müvafiq texnologiyanın yaradılmasını gözləmək qalır və Brüs Uillisin iştirakı ilə çəkilmiş “Surroqatlar” filminin süjeti reallığa çevrilə bilər.
Mütəxəssislərin fikrincə, “rəqəmsallaşdırma” uşaq beyni üçün daha zərərlidir. Onun mənfi təsirləri sırasına aşağıdakılar daxildir:
Yazı bacarığının və yaradıcılığın itirilməsi
Sürətlə yazan insanlar daha sürətli oxuyurlar və mətn tipli informasiyanı daha yaxşı qavrayırlar. Bundan əlavə, yazı təxəyyülü stimullaşdırır və yaradıcılıq qabiliyyətini inkişaf etdirir.
Böyük həcmli məlumatları qavramaq qabiliyyətinin itirilməsi
Müasir təhsil düzgün biliyi tapmağa yönəlir, insanlar məlumatları tam təşkildə tədqiq etmirlər və bu, mənanın itirlməsinə gətirib çıxarır. Nəticədə məqalələr istifadəçilərin maraqlarına uyğunlaşaraq geti-gedə qısalır, uzun mətnlər isə tamamilə dəyərini itirir – axı, onları heç kim oxumur!
Ekrandan asılılıq
Qadjetlər narkotikə çevrilib. Beynin fəaliyyətini öyrənən elm adamları tabletlərin (və kompüterlərin) ekranlarını “elektron kokain” adlandırırlar.
Ünsiyyət bacarıqlarının zəifləməsi, nitq funksiyasının pozulması
Sosial şəbəkələrdəki ünsiyyətə “surroqat ünsiyyət” deyirlər və bu təəccüblü deyil. Belə ki, virtual ünsiyyət real qarşılıqlı əlaqəni əvəz edir və insan tədricən zəruri bacarıqlarını itirmiş olur. Rəqəmsal asılılığın ən ağır formalarında insan ümumiyyətlə canlı ünsiyyətə ehtiyac duymamağa başlayır və yalnız virtual məşğuliyyətdən zövq ala bilir.
Aqressiyanın artması
Böyük “rəqəmsal dozalar” həm uşaqların, həm də yetkin insanların psixikasına mənfi təsir göstərir. Oyunda və ya virtual dostla münasibətdəki uğursuzluqlar daha ağrılı qəbul edilir, nəyinki real həyatdakı qalmaqallar.
Zehni bacarıqların zəifləməsi
Bu, elm adamlarının “rəqəmsal əqli çatışmazlıq” adlandırdığı termin ilə əlaqəlidir. Qeyd edək ki, həmin terminin yaradıcısı professor Manfred Spitzerdir. Onun sözlərinə görə, rəqəmsal texnologiyalar insanı zehni işdən xilas edir və istifadəsiz qalan beyin tədricən məhv olur. Beyindəki neyron əlaqələr zəifləyir və insan İnternetdən aldığı məlumatları qavraya bilmir. Nəticədə, beynin tənqidi düşünmə qabiliyyəti və yaddaşı (insanın dünyanı tanıması və onunla qarşılıqlı əlaqədə olmasının ən vacib funksiyaları) istifadəsiz qalır.
Sağlamlığın pisləşməsi
Daim kompüter qarşısında oturmaq və ya qadjetlərdən istifadə etmək baş ağrısı və görmə qabiliyyətinin zəifləməsi ilə müşaiyət olunur. Bədənin fiziki hərəkətsizliyi də fəsadsız keçmir: əzələlərin tonusu düşür, artıq çəki artır və bu, ürək-damar xəsətliklərinin yaranmasına səbəb olur.
Rəqəmsal dövrdə valideynlər nə etməlidirlər?
Birincisi, uşağın ekran qarşısında keçirdiyi vaxtı azaldın.
İkincisi, uşaqları “offlayn” məşğuliyyətə cəlb edin (hobbi, idman, yaradıcılıq, istirahət, həmyaşıdları ilə ünsiyyət və s.).
Üçüncüsü, uşağın İnternetdə nə ilə məşğul olduğuna nəzarət edin – müəyyən oyunlara və videolara yaş məhdudiyyətinin qoyulması səbəbsiz deyil.
Dördüncüsü, öz vərdişlərinizə nəzarət edin, çünki çox vaxt uşaqlar valideynlərini təkrar edirlər.
Beşincisi, qadjet uşağı “susduran” vasitəyə çevrilməli deyil.