MALİYYƏ

Dövlət şirkətləri ötən il büdcəyə proqnozdan 77% az dividend ödəyib

2019-cu ildə səhmlərində dövlət payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə 3,9 milyon manat proqnoza qarşı 0,9 milyon manat (76,9% az) vəsait daxil olub.

ENA.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun əsas səbəbi “Azər-Türk Bank” və “Azərloteraya” ASC-lərin fəaliyyəti ilə bağlıdır.

Belə ki, “Azər-Türk Bank” 2,1 milyon manat proqnoza qarşı 225 min manat (89% az) dividend ödəyib. Bankın aktivlərinin qiymətləndirilməsi nəticəsində əlavə ehtiyatların yaradılması ilə əlaqədar onun xərclərinin artması, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini aşağı salması, habelə depozit hərracında əməliyyat limitinin 300-350 milyon manatdan 100 milyon manata qədər azaldılması nəticəsində likvid vəsaitlərin yerləşdirilməsindən yaranan gəlirlərinin azalması, kredit resursları üzrə faiz gəlirliyinin azalması, ötən illərlə müqayisədə valyuta məzənnələrində yaranmış sabitliklə əlaqədar xarici valyuta əməliyyatlarından əldə olunan gəlirlərin azalması nəticəsində xalis mənfəət göstəricisinin büdcə proqnozundan daha az olması dividendin az ödənilməsinə səbəb olub.

“Azərloteraya” isə 1,7 milyon manat proqnoza qarşı 500 min manat (70,6% az) dividend ödəyib. Ölkə Prezidentinin 27 dekabr 2018-ci il tarixli fərmanı ilə Cəmiyyətin sərəncamında qalan xalis mənfəətin 50%-nin İqtisadiyyat Nazirliyinin büdcədəndənkənar gəlirlərinə aid edilməsi dividendin az olması ilə nəticələnib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department