Özbəkistan Gülnarə Kərimovanın Fransadakı vəsaitlərini qaytardı
Özbəkistan hökuməti ölkənin mərhum birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya məxsus Fransadakı 10 milyon ABŞ dolları məbləğindəki vəsaitləri geri qaytarıb.
ENA.az xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb.
“Nazirlik və Baş Prokurorluq tərəfindən aidiyyəti idarələrin də iştirakı ilə G.Kərimova tərəfindən cinayət yolu ilə əldə edilən mülkiyyəti Özbəkistana qaytarmaq sahəsində göstərilən səylər nəticəsində cari ilin 14 may günü Fransadan 10 milyon ABŞ dolları miqdarındakı aktivlər Özbəkistana qaytarıldı”, - məlumatda bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən Özbəkistanın aidiyyəti idarələrinin iştirakı ilə G.Kərimova tərəfindən cinayət yolu ilə əldə edilən 1,3 milyard ABŞ dollarından artıq həcmdəki mülkiyyəti qaytarmaq üçün İsveçrə, ABŞ, Fransa, Rusiya Federasiyası və başqa dövlətlərin aidiyyəti orqanları ilə birgə işlər davam etdirilir”.
Xatırladaq ki, mart ayında Daşkənd Cinayət Məhkəməsi artıq həbsdə yatan G.Kərimovanı korrupsiya ilə bağlı maddələri ilə təqsirli bilərək 13 il 4 ay müddətinə həbs cəzasına məhkum etmişdi.