Nazir: İşəgötürənlərə "Əmək müqaviləsi bildirişi” altsistemindən nəzarət edilir
"İşəgötürənlərə "Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən xəbərdarlıqlar olunub və bu sistem vasitəsilə də gündəlik nəzarət təmin edilir".
ENA.az xəbər verir ki, bu barədə Əmək v ə Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu barədə Azərbaycan qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, pandemiya dövründə dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün müvafiq işlər aparılır. İşəgötürənlə "Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən xəbərdarlıqlar olunub və bu sistem vasitəsilə də gündəlik nəzarət təmin edilir. Yəni bu işlər dövlət sektoru üzrə 925 min, qeyri-dövlət sektoru üzrə isə 735 min, ümumilikdə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunmasına imkan verir.
"Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq məşğulluq imkanlarının artırılması, kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı kompleks mübarizə tədbirlərinin, xüsusilə işəgötürənlərə və işçilərə qeyri-formal məşğulluğa son qoyulması barədə edilən çağırışların uğurlu nəticəsi olaraq əmək müqavilələrinin sayında artım tempinin davam etdiyini görürük", - deyə nazir bildirib.
Nazirliyin "Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb. Daha pozitiv məqam kimi onlardan 94 minə yaxını özəl sektorun payına düşür. Eyni zamanda bu dövr ərzində ölkə üzrə əməkhaqqı fondu 8 faiz özəl sektorda əməkhaqqı fondu isə 12 faiz artıb.