Şəmkir istixanalarından hər gün 20 tır məhsul göndərilir
Xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı prioritet məsələlərdən biridir. Buna görə də fermerlərin becərdikləri məhsulların karantin rejimi dövründə bazarlara çıxarılmasında hər hansı bir məhdudiyyət yoxdur.
Şəmkirdən gündəlik olaraq istər ölkə, istərsə də xarici bazarlara müxtəlif tərəvəz məhsulları, o cümlədən pomidor göndərilir. Fermer Elmir Hüseynov bildirib ki, istixanada çalışan işçilərin gündəlik iş yerlərinə gəlməsində çətinlik yoxdur. “Məhsuldarlıq da pis deyil. Əsas satışımız Rusiya bazarlarınadır. Satış zamanı bir problem yaşanmır. Alıcılar məhsulu gəlib birbaşa istixanadan götürürlər. Biz isə heç yerə getmirik və öz işimizlə məşğuluq. Yəni satışa vaxt sərf etmirik”, – deyə şəmkirli fermer qeyd edib.
O ki qaldı satışa, Şəmkir istixanalarında becərilən pomidora Rusiya bazarlarında geniş tələbat olduğundan bu ölkəyə ixrac edilir. Rayonun bir neçə tədarük məntəqəsinə toplanan tərəvəz TIR-lara yığılaraq göndərilir. Hər gün təxminən 400 tona yaxın, yəni 20-dək TIR yola salınır.
Ölkəmizin tərəvəz məhsulları ilə təminatında Şəmkir rayonunun böyük payı var. Burada əksər kəndlərdə demək olar ki, istixana təsərrüfatları salınıb. Hər gün paytaxt Bakıya, eləcə də digər şəhər və rayonlara Şəmkirdən tərəvəz məhsulları daşınır.
Qeyd edək ki, Şəmkirdə istixana şəraitində 950 hektar sahədə pomidor becərilib. Koronavirus pandemiyası bu tərəvəzin qiymətinə də təsirsiz ötüşməyib. Müqayisə üçün deyək ki, ötən il aprel-may aylarında bir kiloqramı 3-4 manata satılan pomidor, indi 1 manat 50 qəpiyə – 2 manata təklif edilir.