Nazir müavini: Özəl şirkətlərə 102 milyon manatdan çox subsidiya ödənilib
Bu günə qədər mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştlə bağlı “Aqrolizinq” və özəl şirkətlərə ümumilikdə 102 milyon manatdan çox subsidiya ödənilib.
"BI" xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qəbul edilən qərara görə, “Aqrolizinq” ASC-yə ödənilməli olan vəsaitin 25 faizi, özəl şirkətlərə 51 faiz vəsaitin ödənilməsi barədə qərar qəbul edilib:
“Özəl şirkətlərin borclarının bağlanmasında məqsəd onların ölkəyə gübrə gətirməsini stimullaşdırmaq, maliyyə məsələlərinin həllinə kömək göstərməkdir. Burada əsas məqsədlərdən biri fermerlərin gübrəyə olan tələbatını təmin etməkdir.
Fermerlərin gübrə ilə təminatında özəl şirkətlərin roluna da böyük önəm veririk. Aparılan təbliğat və maarifləndirmə işləri nəticəsində fermerlər əkin prosesində şumaltı və qidalandırıcı gübrələrdən geniş istifadə etməyə başlayıblar ki, bu da mineral gübrələrə olan tələbatı artırıb.
Ölkədə gübrəyə olan tələbat “Aqrolizinq” və özəl şirkətlər tərəfindən ödənilir. Biz hesab edirik ki, gübrə ilə təminat məsələsində özəl şirkətlər daha aktiv mövqe nümayiş etdirməlidir” .