Böhran çətinliklərlə birlikdə fürsətlər gətirir
Fəxri Ağayev yazır…
Əvvəlcə onu qeyd edim ki, böhranlar biznesdə normaldır. Dünyada biznesin tarixi boyunca müxtəlif səbəblərlə daim böhranlar baş verir, indi verməkdədir və bundan sonra da baş verəcək. Bu fikri bir az daha gücləndirərək qeyd edim ki, böhranlar biznesin ayrılmaz və çox əhəmiyyətli parçasıdır. Əhəmiyyətli o mənada ki, böhranlar biznesə yeni fürsətlər gətirməklə kifayətlənmir – sahibkar və iş adamları üçün ən güclü və uzun zaman dərsi yadda saxlayacaq bir müəllimdir.
“Böhran fürsətlər gətirir” ifadəsinə bir az daha geniş baxaq. İstənilən işdə fürsətləri dəyərləndirmədən öncə sahibkar durmalı, soyuqqanlı şəkildə kənardan baxaraq vəziyyəti təhlil etməli və ona görə qərarlar verərək imkanları dəyərləndirməlidir...
Böhranların digər bir faydası da məhz rahat təhlil etmə imkanı vermələrindədir. Mən deyərdim ki, böhran fürsətlərdən öncə biznesi dərindən təhlil etmək və boşluqları görmək imkanı verir.
Bu nə deməkdir?
Gün ərzində aktiv iş rejimində bir çox sahibkarın müxtəlif əhəmiyyətli və uzunmüddətli təsiri olan işlərə zamanları olmur. Bir işi inkişaf etdirmək üçün əvvəlcə təhlil etmək, zəif və boşluq olan məqamları müəyyən etmək lazımdır – sonra isə bunları gücləndirmək və fürsətlərə çevirmək olar.
Bu gün ölkəmizin biznes sektorunda hansı boşluqlar var?
- Əvvəlcə gözə dəyən boşluqlardan biri odur ki, biznesin idarəçiliyində sistem və standartlar yoxdur. Sistem olmadığı yerdə sahibkar hər kəsdən çox işləməli və işini şəxslərə bağlamış olur;
- İkinci boşluq odur ki, sahibkarlarımızın bir çoxunun biznesi biznes edən mövzularda uzunmüddətli düşüncə tərzi olmayıb – işçilərin işə alınması, müştərilərlə ünsiyyətin qurulması, marketinq, reklam, peşəkarların işə cəlb olunması. Bir iş üçün isə uzunmüddətli bünövrə qurulmadığı zaman o sahə dözümlü və sağlam olmaz;
- Üçüncü sıxıntılı məqam Azərbaycan şirkətlərində illik fəaliyyət planlarının olmamasıdır. Adətən şirkət sahiblərinə “illik planınız varmı?” sualını verəndə onlar satış planının olduğunu deyirdilər. Bir il ərzində firmanın gəlir, xərc, mənfəəti, bunların müxtəlif ssenarilərdə və vəziyyətlərdə görülməsi olduqca əhəmiyyətlidir. Bununla bərabər əməkdaşların peşəkar baxımdan inkişafı, firmada aparılacaq mövsümlərə görə işlər kimi illik planların olması şirkətin fəaliyyətinin sağlamlaşdırılması üçün vacibdir;
- Digər boşluq maliyyə intizamı və ümumilikdə maliyyə baxımından biliyin olmamasıdır - xərclər üzərində doğru işin aparılması ilə bərabər maliyyə ehtiyatını yaratmayan biznes kiçik çalxantıda artıq zəifləmiş olur.
Məhz elə bu böhran sayəsində bu gün şəxsən tanıdığım yüzlərlə sahibkar bu və buna bənzər digər mövzularda təhlillər aparır, bizneslərinin dözümlülüyünü bir daha görmüş olur, boşluqları aşkar edir və sonra onları aradan qaldıraraq işlərini daha güclü şəkildə davam edirlər.
İndi isə gələk məqalənin əsas sualına: söhbət hansı fürsətlərdən gedir?
- İlk fürsət məhz elə şirkətə və onun fəaliyyətlərinə kənardan baxmaq və onu araşdırmaqdır;
- İkinci fürsət sistemin qurulması imkanıdır. Adətən sistem qurmaq ciddi zaman aldığına görə, buna gündəlik işlərlə dolu gərgin zamanlarda vaxt tapmaq çətin olurdu. Çox sahibkar tanıyıram ki, işləri tam durduğuna görə çəkilib regiona, orada şirkətinin sistemi və standartları üzərində rahatca işləyir;
- Üçüncü fürsət isə sahibkarın bu dövrdə şirkətində boşluqları görməsi sayəsində firmanı gücləndirmə imkanıdır, hər mənada – gələcəkdə ola biləcək sarsıntılar və çalxantılara qarşı boşluqlar görüldüyünə görə;
- Dördüncü fürsət - uzun müddətli layihələr üzərində rahatlıqla düşünmə və işləmə imkanıdır;
- Beşinci fürsət - sahibkarlarımızın peşəkar inkişaflarına zamanları oldu. Peşəkar inkişaf bir sahibkarın həyatında olduqca mühüm bir məsələdir! Kiçik və orta sahibkarların bəzən işə peşəkarları cəlb etmək imkanları olmadığına görə, əsas idarəçi funksiyasını öz üzərinə götürür, amma müəyyən və ciddi məqamlarda bilik çatışmazlığı olur;
- Digər fürsət - şirkətlərimizin maddi effektivlik və maliyyə intizamı mövzularında davranışlarını gözdən keçirmək imkanı oldu.
Buna görə də mən “Böhran çətinliklərlə birlikdə fürsətlər gətirir” sözlərini belə dəyişdirərdim “böhran müvəqqəti və qısa müddətli çətinliklərlə birlikdə doğru dəyərləndirildiyində uzun müddətli fürsətlər verir”.
Bu dövrdə mənim sahibkarlardan eşitdiyim sözlər, onların məzmunu və keyfiyyəti dəyişib. Artıq sahibkarlarımız “sistem - standartlar - peşəkarlarla işləmək - brendləşmə” sözlərindən daha çox istifadə edirlər.
Bütün bu faydaları ilə bərabər böhran həm də peşəkar vərdişləri dəyişəcək qədər mükəmməl və ən effektiv müəllimdir.
“Starbucks” brendinin qurucusu Hovard D. Şults kitabında böhranla bağlı bunları yazır:
“Böhran dövrü şirkəti daha sistemli və peşəkar idarə etmək üçün fürsətə çevrildi. Biz gördük ki, faydalarından istifadə etmədiyimiz bir çox fəaliyyət növləri var – bəzi müqavilələri gözdən keçirmək olar, hansısa xərcləri endirmək mümkündür, əlimizdə olan imkanları daha səmərəli istifadə edə bilərik.
Böhran daha öncə bizdə olmayan vərdişlərimizi ortaya çıxardı”.
Əminəm ki, mövcud vəziyyətin Azərbaycan iş dünyası və biznesinin daxildən güclənməsi və sağlamlaşdırılması üçün uzun müddətdə böyük faydası olacaq.
Bütün sahibkarlarımıza və iş adamlarımıza uğurlar arzu edirəm!