Sənaye

İxtisar olacaq, amma kütləvi olmayacaqdır - SOCAR-dan AÇIQLAMA

"Hasilatın müvəqqəti məhdudlaşdırılması nəticəsində SOCAR-da sərbəstləşən işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqların texniki xidmətinə cəlb olunacaqlar". 

Bu barədə Marja-ya SOCAR-dan bildirilib.

Şirkətdən qeyd edilib ki, ixtisar olacaq, amma kütləvi olmayacaqdır:

​​​​​​​

"Odur ki, hazırda bəzi yataqların istismarının dayandırılması ilə bağlı işçilərin kütləvi surətdə ixtisara salınması gözlənilmir. Sərbəstləşən işçilər isə Kadrların Ehtiyat Bazasına (KEB) daxil ediləcək, onların SOCAR-ın müəssisə və təşkilatlarının siyahı tərkibində saxlanılması üçün əmək qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində tədbirlər görüləcək. Şirkətdaxili vakansiyalar üzrə (əgər həmin ixtisas üzrə KEB-də namizəd varsa) kənardan işə qəbulun dayandırılması və vakansiyaların KEB-də mövcud olan işçilər hesabına yerləşdirilməsi, eləcə də işçilərin yenidən hazırlanması və yeni peşələrə yiyələnmələri üçün kadr hazırlığı mərkəzlərində təlimlərə cəlb olunması da nəzərdə tutulub".

Energetika Nazirliyi tərəfindən hasilatın müvəqqəti azaldılması kvotalarının ölkədəki hasilatçılar arasında mütənasib şəkildə bölünməsi təklif edilib və təklifin icrasının təmin edilməsi Nazirlər Kabinetinin tapşırığı ilə SOCAR-a həvalə olunub.

OPEC+ razılaşmasının şərtlərinə əsasən, hasilatın müvəqqəti məhdudlaşdırılması 2020-ci ilin may və iyun ayları, 2020-ci ilin iyul-dekabr ayları arasında və 2021-ci ilin yanvar -2022-ci ilin aprel ayları arasında isə 620 min bareldən yuxarı olmamalıdır. Qeyd olunan göstəricilər yalnız xam neftin hasilatına aiddir. Məhdudiyyətlər qaz kondensatının hasilatına şamil edilmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)