İstehlak kreditlərinin verilmə şərtləri sərtləşdiriləcək
Azərbaycanda istehlak kreditlərinin verilmə şərtləri sərtləşdiriləcək.
Ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib ki, istehlak kreditləri xaricdən Azərbaycana idxala xidmət edir və buna görə ölkədəki kreditləşmə sistemini dəyişməliyik. AMB rəsmisinin sözlərinə görə, elə kreditləşmə sisteminə keçilməlidir ki, tələb yox, təklif yaradılsın. Qeyd edilib ki, kreditlər daha çox real sektorun ehtiyaclarına yönəldilməlidir.
Mərkəzi Bank sədrinin açıqlamasından bəlli olur ki, istehlak kreditlərinin verilməsi ilə bağlı şərtlər sərtləşdiriləcək. Biznes kreditləri isə əksinə daha əlverişi olacaq. Kiçik və orta biznes sahiblərini hərəkətə gətirmək üçün ölkədə biznes kreditlərini önəm veriləcəyi bildirilir.
Hazırda bank sektorundan verilən məlumatlara görə, əksər banklar qeyri-rəsmi olaraq istehlak kreditlərinin verilməsini dayandırıb.
Cari ilin birinci rübü üzrə bankların maliyyə hesabatına baxdıqda əksər bankların biznes kreditlərini artırdığını görmək olar.
Belə ki, ölkənin ən iri bankı olan və əhalinin istehlak kreditləri üçün daha çox müraciət etdiyi “Kapital Bank”da ötən ilin birinci yarısı ilə müqayisədə bu il biznes sahəsinə verdiyi kreditləri 44,5% artırıb.
Məlumat üçün bildirək ki, mart ayının 1-nə olan göstəricilərə görə, ölkədə verilən istehlak kreditlərinin həcmi 7 milyard 99 milyon manat təşkil edib. Bu göstərici fevral ayının 1-nə olan rəqəmlərlə müqayisədə 94,5 milyon manat və ya 1,3% çoxdur. Qeyd edək ki, istehlak kreditlərinin həcmi ölkədə verilmiş kreditlərin 45,2%-ni təşkil dir.
©Mediapost