MALİYYƏ

Dünyanın ən iri hava gəmisi Bakıya eniş edib – FOTO/VİDEO

Dünyanın ən iri An-225 “Mriya” hava gəmisi aprelin 19-da, səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Əlavə yanacaq doldurmaq məqsədilə Bakının hava limanında enən təyyarə Qazaxıstandan Fransaya kommersiya reysi yerinə yetirir.

“Mriya” aviasiya tarixində dünyanın ən iri və ən ağır yükgötürmə qabiliyyətinə malik hava gəmisidir və 1988-ci ildə “Antonov” aviasiya konserni tərəfindən bir nüsxə istehsal edilib. Hazırda eyniadlı “Antonov Airlines” yük aviaşirkətinin rəhbərliyi altında istismar olunur.

Bu, “Mriya”nın (Ukrayna dilində “arzu” deməkdir) Bakıda ilk enişi deyil. Heydər Əliyev Beynəlxalq Aeroportu belə böyük təyyarəni qəbul etməyə hazır olan uçuş-enmə zolağı ilə təchiz edilmiş məhdud sayda dünya hava limanları sırasına daxildir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin dünyanın ən iri “Airbus A380” sərnişin laynerini dəfələrlə qəbul edib.

“Mriya”nın Bakıya səfəri haqqında Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən qısa videoçarx hazırlanıb.

Aşağıdakı linkdən videoçarxla tanış ola bilərsiniz:

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)