Aqrar

Karantin dövründə əhalinin ərzaq xərcləri artıb - STATİSTİKA

2020-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 9,2 milyard manatlıq mal və məhsul alıb. Bunun 52%-i ərzaq məhsulları üzrə xərclərdir və ötən ilin müvafiq dövrünün göstəricisindən 1,2% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 4,8 milyard manat xərclənib. Bu isə 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 2,9% çoxdur. Qeyri-ərzaq mallarının alınmasına isə 4,4 milyard manat sərf olunub, artım 0,5%-dir. Göründüyü kimi, pandemiya dövründə əhali ərzaq ehtiyatı yaratdığından ərzaq məhsullarının alınması xərcləri yüksəlib. 

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 46,9%-i ərzaq məhsullarının, 5,5%-i içki və tütün məmulatlarının, 16,7%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,7%-i elektrik malları və mebellərin, 5,2%-i avtomobil yanacağının, 1,6%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Alınan mallarının 23,7%-i ticarət müəssisələri, 47,8%-i fərdi sahibkarlar, 28,5%-i bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə real ifadədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üçün 28,5% artıb, fərdi sahibkarlar üçün 1,1%, bazar və yarmarkalarda 1,1% azalıb.

Cari ilin yanvar-mart aylarında ticarət şəbəkəsində bir ölkə sakini 162,1 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 147,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)