Statuslar

"Təkcə büdcə qanununu dəyişməklə iş bitməyəcək"

Hökumətin büdcəni dəyişmək istədiyi bəllidir, amma necə dəyişəcəyilə bağlı hələlik təfsilatlı məlumat yoxdur.

Əsas sual odur ki, xərcləri azaltmaq istəyirlərmi? Əgər təsdiqlənmiş xərclərə toxunmadan, ya da çox az hissəsinə toxunmaqla dəstək paketi üçün əlavə vəsait cəlb etmək istəsə, təkcə 2020-ci ilin büdcə qanununu dəyişməklə iş bitməyəcək.

Bu halda Neft Fondundan təsdiqlənən 11.350 mlrd. manatdan əlavə vəsaitin cəlbinə ehtiyac olacaq. Çünki istər vergi, istərsə də gömrük orqanlarının öhdəliklərini yerinə yetirməsi mümkün olmayacağı dəqiqləşirsə, bu halda dəstək paketinin icrası Fonddan izafi transfert ayırmaları tələb edəcək.

Digər tərəfdən, büdcə qaydasının tətbiqi də dayandırılmalı olacaq bu halda. Belə ki, dəyişiklik nəticəsində 2020-ci ilin icmal büdcə xərcləri inflyasiya nəzərə alınmaqla 2019-cu ilin icmal büdcə xərclərindən 3% çox olarsa ("Büdcə sistemi haqqında" Qanun, maddə 11-1.2), bu halda ölkə prezidenti qanunun 23.4-cü maddəsini əsas götürərək büdcə qaydasının (3%+inflyasiya səviyyəsi) tətbiqinin dayandırılması üçün Parlamentə müraciət etməli olacaq. Müraciət oktyabrın 25-də gec olmayaraq göndərilməlidir.

Məlumat üçün deyim ki, "Büdcə sistemi haqqında" Qanunun 23.2-ci maddəsinə görə, dövlət başçısı büdcənin icra prosesində illik büdcə qanunun təsdiqi zamanı nəzərə alınması mümkün olmayan xərclərə zərurət yarandığı qənaətinə gələrsə, qanunvericilik təşəbbüsü ilə büdcəyə yenidən baxmaq üçün Milli Məclisə müraciət edə bilər.

2020-ci ilin icmal büdcə xərcləri 29 488.1 mln. manat təsdiqlənib ki, bu inflyasiya proqnozu nəzərə alınmaqla əvvəlki ilin göstərisindən 7.7% çoxdur.

Ən vacib məqamlardan biri də budur ki, əgər büdcəyə yenidən baxılacaqsa, iqtisadi proqnozların, o cümlədən inflyasiya və iqtisadi proqnozların da yenilənmiş variantı da parlamentə təqdim ediləcəkmi? Çünki son 3 ayda bütün proqnozlar və reallıqlar alt-üst oldu.

Sosial-iqitsadi inkişaf proqnozlarını dəyişmədən büdcəyə yenidən baxılması yanlış addım olardı...

Rövşən Ağayev
iqtisadçı-ekspert 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department