Statuslar

Bizim yığımlar başqa ölkələr üçün investisiyadır

Neftin qiymətinin aşağı olması qlobal miqyasda inflyasiya riskini, ən azından qida inflyasiyası riskini aradan qaldırmır.

Doğrudur, nəzəri baxımdan aşağı neft qiymətləri təklif inflyasiyasını - yəni istehsal xərclərinin aşağı qalması sayəsində inflyasiyanın sürətlənməsi riskini azaldır.

Lakin məsələyə bir də hazırda qlobal iqtisadiyyatın üzləşmədiyi fövqəladə durumda tələb kontekstində baxmaq lazım - iqtisadi nəzəriyyələr nə qədər önəmli olsa da, gələcəyin spesifik şəratini nəzərə almaya da bilir.

İqtisadi nəzəriyyədə belə bir məşhur deyim var: "Həddən artıq böyük həcmdə pul çox az həcmdə əmtəə ovuna çıxıb".

Yəni hökumətlərin nəhəng pul stimulları, sosial müdafiə tədbirləri nəticəsində tələbin azalma sürəti istehsalın itirilmə sürətindən daha zəifdir.

Belə bir durumdur ki, Mərkəzi Banklar və fiskal orqanlar iqtisadiyyata əvvəlkindən daha böyük həcmdə pul kütləsi axıdır, amma əvvəlkindın daha yüksək pul kütləsinin qarşısına iqtisadiyyatlar daha az əmtəə-xidmət kütləsilə çıxırlar.

Bir daha qeyd edirəm, ölkələrarası mal axınlarının əhəmiyyətli dərəcəcə məhdudlaşdığı, sosial izolyasiya səbəbindən daxili istehsal potensialından istfadə əmsalının kəskin aşağı düşdüyü, aqrar sektorun ciddi problemlərlə üzləşə biləcəyi hazırkı unikal iqtisadi şərait təklif defisiti üzündən aşağı neft qiymətləri şəratində belə ən azından zəruri əmtəə səbətlərinin qiymət artımını istisna etmir.

Bir vacib məqamı da deyim: monetar və fiskal sistemin işləməsilə bağlı iqtisadi nəzəriyyələrdən çıxış edərək bizim hazırkı durumu analiz edəndə vacib məqam unudulmamlıdır: həmin nəzəriyyələr normal bazar institutlarının, xüsusilə azad rəqabətin, effektiv dövlət tönzimlənməsinin, oliqarxiya kapitalının hədsiz inhisarçı mövqeyinin olmadığı şərtlər daxilində keçərlidir.

Məsələn, resurs bolluğu həmişə ucuz resurslar demək deyil. Necə ki, 2006-2014-cü illər Azərbaycanda maliyyə resurslarının əvvəlki dövrlərlə müqayisədə kifayət qədər bol olmasına baxmayaraq ucuz resurs yox idi - hətta inflyasiyanın 1-2% olduğu illərdə belə. Çünki iqtisadiyyatın riskləri, şaxələnməməsi, rəqabət mühitinin yoxluğu imkan vermədi.

Yaxud yığımların çoxluğu həmişə onun tam həcmdə məhsuldar investisiyaya çevrilməsinə imkan verimir. Belə olsa idi yığmlar=investisiya bərabərliyi avtomatik alınardı. Amma xüsusən də primitiv iqtisadiyyata malik resurs ölkələrində yığımlar kapital qaçışının əsas mənbəyinə çevrilir. Səbəb is budur ki, insanlar siyasi risklərə görə əllərindəki yığımları başqa ölkələrdə invetisiyaya çevrilirlər. Necə ki, bizim oliqarxlar xaricdə əmlaka almağa, banklarda depozit saxlamağa, müəssisə açmağa həvəslə pul daşıyıb neçə illər. Hətta Türkiyə və Gürcüstanın açıq rəsmi məlumatlarında bizim vətəndaşlar ən çox əmlak alan, sərmayə qoyan əcnəbilərin ilk 5-liyində yer alırlar. Bizim yığımlar başqa ölkələr üçün investisiyadır. Necə ki, bizim istehlak xərclərimizin də çoxu idxal vasitəsilə əcnəbi sahibkarın qazancıdır...

 

Rövşən Ağayev
iqtisadçı-ekspert 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department