MALİYYƏ

Maliyyə nazirindən dövlət büdcəsinin icrası barədə - OPERATİV MLUMAT

Maliyyə Nazirliyi 2020-ci ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən ENA.az-a verilən məlumata görə, 2020-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7810,9 mln. manat, xərcləri 5254,8 mln. manat olmuş, 2556,1 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Gəlirlər hissəsində qeyd olunub ki, 2020-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7810,9 mln. manat və ya rüblük proqnoza qarşı 35,9 faiz çox icra olub. Həmin vəsaitin 32,5 faizi və yaxud 2536,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2039,9 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 221,2 mln. manat və ya 12,2 faiz çoxdur. 

Həmin vəsaitin 68,5 faizi və yaxud 1396,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 244,5 mln. manat və ya 21,2 faiz çoxdur.

2020-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 991,0 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 91,0 mln. manat və ya 10,1 faiz çoxdur.


Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 109,3 mln. manat təşkil edib. 
Sair daxilolmalar üzrə büdcəyə 39,7 mln. manat vəsait daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4631,0 mln. manat vəsait transfert edilib ki, bu da proqnoza nisbətən 1793,5 mln. manat və ya 1,6 dəfə çoxdur.

2020-ci ilin birinci rübündə dövlət büdcəsində 2556,1 mln. manat profisit yaranıb ki, bu da proqnozlaşdırılan 533,4 mln. manat profisitdən 2022,7 mln. manat çoxdur.

Eyni zamanda qeyd olunmalıdır ki, cari ilin 1-ci rübündə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılandan artıq (1793,5 mln. manat) vəsait daxil olub ki, bu transfertin məbləği çıxıldıqdan sonra belə dövlət büdcəsində 762,6 mln. manat profisit yaranıb.

Dövlət büdcəsinin profisitinin proqnoza qarşı əhəmiyyətli dərəcədə artması ilk növbədə dövlət büdcəsinə Dövlət Neft Fondundan proqnozdan artıq transfertin (1793,5 mln. manat) köçürülməsi, habelə fiskal orqanları (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən gəlir proqnozların artıqlaması (312,2 mln. manat) ilə təmin edilməsi hesabına olub.

Xərclər bölməsində isə bildirilib ki, 2020-ci ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,8 faiz və yaxud 5254,8 mln. manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 218,9 mln. manat və ya 4,4 faiz çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 48,0 faizi və ya 2519,8 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz və ya 415,3 mln. manat çoxdur.

2020-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 3919,9 mln. manatı və ya 74,6 faizi cari xərclərə, 930,3 mln. manatı və ya 17,7 faizi əsaslı xərclərə, 404,6 mln. manatı və ya 7,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2020-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department