“Goldman Sachs”: Neftə tələbat xeyli azalacaq
Hazırda koronavirus pandemiyasına qarşı tədbirlər çərçivəsində sosial məsafə qaydasının tətbiqinin dünya ÜDM-in 92%-nə təsir göstərdiyi üçün qlobal olaraq gündəlik neft istehlakı bu həftə 26 milyon barel, yəni 25% azalacaq.
ENA.az “Bloomberg”ə istinadən xəbər verir ki, belə bir qənaət “Goldman Sachs” bankının hazırladığı icmalda yer alıb. Belə ki, bankın ekspertləri Ceff Karri (Jeff Currie) və Damyen Kurvalin (Damien Courvalin) hazırda neftə olan tələbatın indiyədək irəli sürülən proqnozlarda güman edilməyən sürətlə azaldığı, belə bir vəziyyətdə də ABŞ, Kanada, Rusiya neft hasilatı sənayesinin daha həssas vəziyyətdə olduğu fikrindədirlər.
Dünya üzrə məcmu gündəlik hasilatı azı 900 min barel olan quyuların dondurulmasının elan olunduğunu xatırladan sənəd müəllifləri düzgün rəqəmin saatbasaat artacağını güman edirlər: “Bağlanan quyuların hələlik bilmədiyimiz son sayı yəqin ki, neft-qaz sənayesini və onun geosiyasətini kökündən dəyişdirəcək”.
Xatırladaq ki, COVİD-19 virusu pandemiyası ilə bağlı neftə tələbatın azalması nəticəsində neftin qiymətləri son bir ay ərzində iki dəfədən çox azalıb.