Yeni qaz sayğaclar quraşdırılır - Telefonla balansı artırmaq olacaq - FOTO
“Azəriqaz” İstehsalat Birliyi yeni sayğacların tətbiqinə başlayır.
"BI"xəbər verir ki, yeni sayğaclar bir çox xüsusiyyətlərinə görə, əvvəlki sayğaclardan fərqlənir.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev açıqlamasında bunu təsdiqləyib və bildirib ki, artıq yeni sayğaclar test rejimində yoxlanılıb:
“”İTRON” firmasına məxsus yeni sayğaclar vasitəsilə vətəndaşların ödəniş imkanları asanlaşır. Əvvəlki smart-kartlarda abonent tərəfindən müəyyən zədələnmələr, əzilmə halları baş verirdi ki, belə olan halda məbləğ sayğaca yüklənmirdi. Buna görə də problemi həll edənədək vətəndaşlar qazsız qalırdı. Yeni kartlarda isə bütün bunlar nəzərə alınıb. Belə ki, yeni kartlarda çip hissəsi yoxdur. Çip hissə kartın daxilində yerləşdirildiyindən, abonent məbləği yükləmək üçün kartı sayğaca daxil etməyəcək. Kartı sayğaca yaxınlaşdırmaqla, ödənişi rahat şəkildə həyata keçirmiş olacaq.
Eləcə də bax: Pensiyalarla bağlı yeniliklərin detalları açıqlandı - VİDEO
Eyni zamanda, əvvəlki qaz sayğaclarının göstərici lövhəsində işıqlandırma olmadığından, qaranlıqda sayğac üzərində hər hansı əməliyyat aparmaq çətinləşirdi. Yeni sayğacların ekranında isə işıq sistemi yardılıb ki, qaranlıq saatlarda rahatlıqla əməliyyatlar icra etmək mümkündür”.
Qurum rəsmisi daha bir yeniliyin telefon vasitəsilə ödəniş etmək olduğunu açıqlayıb:
“Bunun üçün abonent telefonuna proqram təminatı yükləməlidir. Bundan sonra xüsusi e-mail vasitəsilə qeydiyyata alınacaq. Balansı istədiyi qədər artıracaq və telefonu sayğaca yaxınlaşdırmaqla ödəniş etmiş olacaq”.
İ.Kərbalayevin sözlərinə görə, bir müddət əvvəl ölkəyə test üçün 70 sayğac gətirilib:
“Sayğaclar sınaqdan keçib və hazırda ikinci sınaq dövrü də uğurla başa çatıb. Hazırda yeni sayğacların tətbiqinə başlanılıb. Ölkəyə tələbata uyğun olaraq, kifayət qədər sayğac gətirilib və dövlət yoxlamasından keçirilib, quraşdırılması üçün hazır vəziyyətdədir”.
Qurum rəsmisi qeyd edib ki, yeni sayğacların quraşdırılması kütləvi xarakter daşımayacaq:
“İstismar müddəti başa çatmış, zədələnmiş sayğacların dəyişdirilməsinə ehtiyac yarandığı zaman, yeni sayğaclardan istifadə ediləcək”.