Bu sahədə çalışan 3 mindən çox işçi evdən işləyəcək
Dünya üzrə geniş bir ərazini əhatə edən və minlərlə insanın sağlamlığına zərər vuran koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması və insanların sağlamlığının qorunması məqsədi ilə Nazirlər Kabinetinin qərarı əsasında ölkə ərazisində bir çox biznes sahələrində qeyri-iş günləri müəyyən edilib.
ENA.az xəbər verir ki, bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin açıqlamasında bildirilir.
Məılumatda həmçinin deyilir ki, sığorta şirkətləri bu qərar əsasında ofislərində də fəaliyyətlərini qismən dayandırıb.
"Məlum olduğu kimi Azərbaycanda sığorta sektorunda 3000 nəfərdən çox əməkdaş fəaliyyət göstərir. Onların sağlamlıqlarını qorumaq, virusun yayılmasının məhdudlaşdırmaq üçün əməkdaşların ofislərdə fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və rəhbərliyin qərarı əsasında əməkdaşlar öz fəaliyyətinlərinə evlərində, tam rahat və təhlükəsiz şəraitdə davam edə biləcəklər.
Bununla belə, sığorta hadisələrində vətəndaşlara göstərilən xidmətlərdə və fəaliyyətlərdə heç bir dəyişiklik olmayıb. Sığorta şirkətləri tam ştat olaraq vətəndaşlara göstərilən sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsinə çalışır. Təbii ki, təhlükəsizlik qaydalarına əməl etməklə hadisələrin tənzimlənməsi üzrə fəaliyyət göstərən əməkdaşlar hadisə baş verən zaman əvvəlki qaydada olduğu kimi vətəndaşlara kömək edə biləcək", - deyə ASA bəyan edib.