Azərbaycanda inflyasiya açıqlandı - QİYMƏTLƏR ARTIR
Azərbaycanda inflyasiya 2,6%-dən 2,8%-ə yüksəldi.
Son bir ildə ərzaq məhsulları 5%-dən çox bahalaşıb
2020-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-fevral aylarına nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,4 faiz artıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci ilə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8 faiz, qeyri-ərzaq malları üzrə 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2 faiz artmışdı.
2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faiz, qeyri-ərzaq malları üzrə 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 1,5 faiz artmışdı.
Cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin fevral ayına nisbətən 2,9 faiz artıb.
2020-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin fevral ayına nisbətən 5,1 faiz yüksəlib.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, unun, qarabaşaq və manna yarmasının, vermişel və spagettinin, qoyun və toyuq ətinin, suda bişmiş kolbasanın, sosiska və sardelkanın, təzə balığın, südün, xamanın, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, çayın, arağın, pivənin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən dondurulmuş balığın, kərə yağının, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2020-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 101,1 faiz təşkil etmişdir.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma ipək parçaların, kişi və qadınlar üçün köynəklərin, cins şalvarların, sulu boyaların, polietilen su borularının, kəsilmiş taxtaların, sementin, kərpicin, keramik plitələrin (kafel, metlax), tozsoranların, elektrik ütülərinin, boşqab, fincan və nəlbəkilərin, telefon aparatlarının, dəftər, qələm və karandaşların, ucuzlaşma isə əsasən qadınlar üçün qış ayaqqabılarının, təsərrüfat sabununun, planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2020-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 1,4 faiz artıb.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma gəlinlik donunun kirayəsi, mebelin, paltaryuyan maşınlarının təmiri, dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, kişilər üçün saç kəsimi xidmətlərinin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.