Maliyyə qurumlarına qarşı cərimələr 5 dəfə artırılacaq
Maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, ölkənin normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə maliyyə sanksiyasının həcmi 5 dəfə artırıla bilər.
"BI" bu barədə Vergi Məcəlləsinə dəyişiklik layihəsinə istinadən xəbər verir.
Dəyişiklik qəbul edilərsə, hər belə hesab və ya əməliyyat üçün maliyyə sanksiyası 100 manatdan 500 manata artırılacaq.
Təklif olunan digər dəyişikliyə əsasən, bu Məcəllənin 16.1.11-4-cü maddəsində göstərilən elektron hesabatın müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə maliyyə sanksiyasının məbləği 10 dəfə artırılaraq 1 000 manatdan 10 000 manata çatdırılacaq.
Xatırladaq ki, 16.1.11-4 maddəyə əsasən, maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini və bu Məcəllənin 76-1-ci maddəsinə uyğun olaraq, maliyyə institutları tərəfindən təqdim edilməsi nəzərdə tutulan məlumatların əks olunduğu forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən elektron hesabatların təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir.