COVID-19 Azərbaycanda maşın “bazarını bağlayır”? - EKSPERT AÇIQLAYIR
Koronavirus təhlükəsi dünya avtomobil bazarına da təsirsiz ötüşmür.
ENA.az xəbər verir ki, ictimai yerlərə çıxmağa çəkinən insanlar həm avtomobil sürməkdən, həm də avtomobillərini açıq bazara çıxarmaqdan çəkinirlər.
Bu da qiymət faktorunda özünü göstərə bilər.
Artıq aprel ayında Rusiyada avtomobillərin 15-20 faiz bahalaşacağı proqnozlaşdırılır. Səbəb isə rublun və neftin qiymətinin aşağı düşməsidir.
Mövzu ilə əlaqədar nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə həmsöhbət olduq.
E.Muradlı deyir ki, ölkəmizdə avtomobil satışı, adətən, internet üzərindən həyata keçirildiyi üçün xəstəlik qorxusu satışa mane ola bilməyib:
“Koronavirusa görə xaricdən, xüsusən Çindən gələn avtomobillərin qarşısı, demək olar ki, alınıb. Həmçinin, Gürcüstandan gələn maşınların sayı sıfıra enib. Ona görə də daxili bazarda satışa çıxarılanlar daha əvvəl, 3-4 ay əvvəl ölkəyə gətirilib satıla bilməyən maşınlardır. Bu da öz növbəsində maşın bazarında durğunluğa və təbii olaraq qiymətlərin bahalaşmasına səbəb olub”.
E.Muradlı satışa çıxarılan avtomobillərin bazara aparılmamışdan əvvəl dezinfeksiya olunmasını tövsiyə edir.