Sosial iqtisadiyyat

Prezident bu yüksək vəzifələrə rəhbər təyin edəcək - SİYAHI

Azərbaycanda bir neçə yüksək vəzifəyə təyinat gözlənilir.

ENA.az həmin vəzifələrin bir qismini təqdim edir:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi boşdur.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə də təyinat gözlənilir.

Hazırda Azərbaycan İlahiyyat İnstitutunun rektoru da yoxdur.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 9-da imzaladığı sərəncamlarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Kəlbəcərin icra başçısı Aqil Məmmədov, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov vəzifələrindən azad edilib.

Onların hər üçü Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə deputat seçiliblər.

Onu da əlavə edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur.

Ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Ağstafanın icra başçısı Nizaməddin Quliyev saxlanılmışdı.

Bundan sonra Prezident İlham Əliyevin sərəncamı ilə Nizaməddin Quliyev vəzifəsindən azad edilmişdi.

Prezident Administrasiyasında da iki yüksək vəzifəyə təyinat gözlənilir.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri və Sənəd dövriyyəsi şöbəsinin müdiri vəzifələri boşdur.

Qeyd edək ki, yuxarıda adıçəkilən vəzifələrin hamısına təyinat Prezident İlham Əliyevin səlahiyyətindədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)