Nə üçün 3 aydır əhalinin əmanətləri azalır? – YARIM MİLYARDI KEÇİB
Vətəndaşlar xarici valyutadakı əmanətlərini banklardan geri götürürlər. Artıq 3 aydır fiziki şəxslərin (əhslinin) banklardakı əmanətləri azalır və bu tendensiya yanvarda da davam edib.
ENA.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, azalma xarici valyutadakı müddətli əmanətlərin və cari hesabların (müddətsiz əmanətlər) azalması ilə bağlıdır.
2020-ci ilin yanvar ayında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 0,6% - 8 milyard 588,5 milyon manatadək azalıb.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 2,6% - 4 milyard 388,6 milyon manatadək və ya bütün əmanətlərin 51,1%-i səviyyəsində azalıb. 2019-cu ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 52,2% təşkil edib.
Yanvarda əhalinin milli valyutada əmanətlərinin həcmi 1,6% - 4 milyard 199,9 milyon manatadək (bütün əmanətlərin 48,9%-i) artıb.
31 yanvar 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 milyard 165,4 milyon manat, qeyri-rezidentlərin- 423,1 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 0,5%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,6% azalıb.
Fevralın 1-nə banklarda əmanət və depozitlərin həcmi 24 milyard 837,1 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 0,4% çoxdur.
SON 3 AYDA DOLLAR ƏMANƏTLƏRİ YARIM MİLYARD AZALIB
Son 3 ayda (Noyabr-Yanvar) fiziki şəxslərin cəmi əmanətləri 222 milyon 625 min manat geriləyib, o cümlədən fiziki şəxslərin xarici valyutadakı əmanətləri 495 milyon 747 min manat azalıb, milli valyutadakı əmanətlər isə 273 milyon 121 min manat artıb.
Statistikadan məlum olur ki, əhalinin əmanətlərinin azalması xarici valyutadakı əmanətlərin geri götürülməsi ilə bağlıdır. Milli valyutadakı əmanətlər az da olsa artır. Xarici valyutadakı əmanətlərin geri götürülməsi milli valyutadakı əmanətlərin artımını üstələdiyindən əhalinin cəmi əmanətləri azalır.
Digər bir məlumata görə, Martın 4-də əmanətlərin tam sığortalanması müddətinin başa çatmasının gözlənilməsi, "AtaBank"ın bir sır müştərilərinə əmanətlərini qaytarması da cəmi əmanətlərin azalmasına təsir göstərib.
Məlumat üçün bildirək ki, bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır. Sektor üçün müddətli əmanət daha önəmlidir.