Azərbaycanda ümumi təhsilinin distant formada təşkili forması ləğv edilib
Nazirlər Kabineti “Formal təhsilin təşkili Qaydaları”na dəyişiklik edib.
ENA.az xəbər verir ki, bu Qaydalar formal təhsilin təşkili məsələlərini tənzimləyir.
Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.
İndiyə qədər ümumi təhsil pilləsi üzrə ibtidai təhsil səviyyəsində təhsilalma forması əyani olub. Dəyişikliyə əsasən, ümumi təhsil pilləsi üzrə ibtidai təhsil səviyyəsində təhsilalma forması sırasına sərbəst (eksternat) təhsil forması daxil edilib.
İndiyə qədər ümumi təhsil pilləsində qanunvericiliyə uyğun təşkil edilən şagirdlərin evdə təhsili və fərdi təhsili də formal təhsil hesab edilir. Dəyişikliyə əsasən, stasionar təhsil də formal təhsil hesab ediləcək.
Digər dəyişikliyə əsasən, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsilinin distant formada təşkil olunmasına dair müddəa ləğv olunub.