“Baker Tilly” ASK və onun törəmə strukturlarının auditini aparacaq
«Baker Tilly» QSC “Azərbaycan Sənaye Korporasiyası” (ASK) ASC-nin və onun törəmə strukturlarının 2019-2020-ci illər üçün maliyyə hesabatlarının beynəlxalq maliyyə hesabatları standartları üzrə auditini və illik auditini aparacaq. Bu barədə ASK-dan məlumat verilib.
““Baker Tilly” müvafiq təkliflər sorğusunun qalibi olub. Onunla 389,4 min manat dəyərində müqavilə bağlanılıb”, – deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manat təşkil edir.*