Qubada gücü 12 ton olan - SÜD ZAVODU TİKİLİR
Qubada sutkalıq istehsal gücü 12 ton olan süd emalı zavodunun inşasına başlanılıb.
ENA.az xəbər verir ki, iyul ayına kimi istifadəyə verilməsi nəzərdə tutulan zavod rayonun ən iri istehsal müəssisələrindən biri olacaq.
Son illər şimal bölgəsində mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində ət və süd istehsalı artıb. Bunun nəticəsində emal müəssisələrinə ehtiyac yaranıb. Hazırda rayondakı təsərrüfatlarda 60 min başdan çox iribuynuzlu heyvan saxlanılır. İribuynuzlu heyvanların 24 mini başı inək qrupuna aiddir ki, bu da il ərzində 40-41 min ton süd istehsalın imkan verir.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Aydın Qədiməliyev bildirib ki, rayonda süd istehsalı əsasən fərdi təsərrüfatların payına düşür. Həmin süddən müxtəlif məhsullar hazırlanaraq tədarük edilir. Amma istehsal olunan südün emalı üçün müəssisələrə böyük ehtiyac var.
Rayon iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək yeni zavod əhalinin məşğulluğu baxımından da xüsusi önəm daşıyır. Belə ki, tam istehsal gücü ilə işləyəndə burada 150-dən çox daimi işçi çalışacaq. Zavodda pendirin müxtəlif çeşidləri, qaymaq, yağ, smetan, kəsmik və başqa məhsullar istehsal olunacaq. İstehsal üçün xammal alışı 12-30 ton arasında olacaq. Məhsullar əsasən daxili tələbat üçün nəzərdə tutulub.
5 min 800 kvadratmetr sahəsi olan müəssisədə süd məhsulları ilə yanaşı qənnadı, peçenye və digər məhsulların istehsalı da nəzərdə tutulub.