Sosial iqtisadiyyat

Pensiyaçılara zəng edib kartlarına dair məlumatları öyrənirlər və... - NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan və Bakının Qaradağ rayon şöbələrinə müraciət edən bir neçə pensiyaçı onların dələduzlar tərəfindən aldadılaraq pensiya kartlarından vəsait oğurlandığını bildiriblər.

"ENA"nın məlumatına görə, nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, həmin pensiyaçıların ev nömrələrinə zəng vuran naməlum şəxslər özlərini Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq rayon şöbəsinin əməkdaşları kimi təqdim edərək, guya pensiyalarına edilən artımların hesablarına köçürülməsi üçün onlardan pensiya kartlarına dair məlumatları öyrəniblər.

Nəticədə həmin pensiyaçıların pensiya kartlarından müxtəlif məbləğlərdə vəsaiti oğurlayıblar. Bununla əlaqədar pensiyaçıların şikayətləri aidiyyəti rayon polis orqanlarına yönləndirilib.

Qurum rəsmisi bir daha pensiyaçıları xəbərdar edir ki, nazirliyin yerli qurumu, o cümlədən DSMF əməkdaşı tərəfindən heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz. Pensiya artımı olduğu halda artım məbləği avtomatik olaraq pensiyaya əlavə olunur.

Ona görə də bir daha pensiyaçılara diqqətli olmağı və heç bir halda pensiya kart məlumatlarını başqasına verməməyi tövsiyə edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department