Cana, cibə ziyandır, heç olmasa büdcəyə xeyri olsun: BAHALAŞACAQ
Energetik içkilərin populyarlaşmasının səbəblərindən biri onların insanda gümrahlıq yaratması ilə bağlı təsəvvürdür. İnsanları bu içkilərə təşviq və təhrik edən reklamlar da daha çox bu təsəvvürə əsaslanır. Bəs bütün bunlar nə dərəcədə düzgündür?
Ümumdünya Səhiyyə Təşkilatının hesabatı
Təşkilatın Avropa Regional Ofisinin əməkdaşları son onillikdə bütün ölkələri bürüyən «energetik bum»un nəticələri üzərində apardıqları genişmiqyaslı araşdırmalar nəticəsində bu içkilərdən istifadənin çoxalmasının əhalinin, xüsusilə gənclərin sağlamlığına təhlükə olması qənaətinə gəliblər. Araşdırmanın nəticələri oktyabr ayında «Frontiers in Public Health» jurnalında dərc olunub.
İlk energetik içki 1960-cı ildə Yaponiyada buraxılıb. Avropa mağazalarında ilk dəfə 1987-ci ildə görünən içki tezliklə popul¬yarlaşıb. ABŞ-a bu içki 10 il sonra - 1997-ci ildə gəlib. Dünyadakı «energetik bum» isə XXI əsrin başlanğıcına aiddir. 2006-cı ildə dünyada bu içkinin 500-dən çox yeni növü qeydə alınmışdı. ABŞ-da 2008-ci ildən 2013-cü ilədək energetik içkilərin satışında 60 faiz artım olub və bu sahə üzrə dövriyyə 12,5 milyard dollar təşkil edib.
Ərzaq məhsullarının təhlükəsizliyi üzrə Avropa Agentliyinin (European Food Safety Authority, EFSA) məlumatına görə, 2011-ci ildə Avropa İttifaqının 16 ölkəsində 18 yaşdan yuxarı insanların 30 faizi, 10-18 yaş arası yeniyetmələrin 68 faizi, 10 yaşlıların isə 18 faizi energetik içkilərdən daimi istifadə edənlər olub. Bu statistikada ölkə üzrə yeniyetmələrin 82 faizi, uşaqların 40 faizinin energetik içkilərdən istifadə sayına görə Çexiya ön sıralardadır.
Amerika Pediatrik Akademiyası da bu içkilərin uşaq və gənclər tərəfindən istifadəsini pisləyir. Texas Universitetinin kardeoloqu Con Xiqqins bildirib ki, hamilə qadınlar, 18 yaşadək olan gənclər, yüksək kofein həssaslığı olanlar, həmçinin, diqqətsizliklə mübarizə üçün müalicə alanlar energetik içkilərdən uzaq durmalıdırlar.
Ərzaq məhsullarının təhlükəsizliyi üzrə Avropa İdarəsi 2009-cu ilin fevral ayında energetik içkilərin tərkibindəki maddələri araşdırıb. Aydın olub ki, içkinin tərkibindəki taurin və qlyukuronolakton 18 yaşadək gənclərdə diabet xəstəliyinin kəskinləşməsi kimi fəsadlar verir. ABŞ-da ərzaq və dərmanlara nəzarət idarəsinin qərarı ilə tərkibində alkoqol olan energetik içkilərin satışına qadağa qoyulub. İdarənin əməkdaşı Coşua Şarfşteynin sözlərinə görə, ABŞ-ın 17 ştatının prokurorluğundan gələn məktublar əsasında 30-dan çox istehsalçıya məhsulun satışını dayandırmaq haqqında göstəriş verilib. 2009-cu ilin may ayında «Red Bull» içkisinin tərkibini Almaniyanın nəzarət orqanları yoxlayaraq müvafiq tədbirlər görülməsi barədə hökumətə müraciət ediblər. Nəticədə Almaniyada bu içkinin satışına qadağa qoyulub. Bu gün Fransa, Tayvan, Danimarka, Türkiyə, Norveç, Uruqvay və İslandiyada, eləcə də ABŞ-nın Vaşinqton, Yuta, Okloxoma və Miçiqan ştatlarında energetik içkilər qadağan olunub. 2014-cü ildən Avropada hər litrinin tərkibində 150 milliqramdan artıq kofein olan energetik içkinin üzərində «insan orqanizminə zərərlidir» xəbərdarlığının yazılması tələb olunur. İsveçrədə 15 yaşdan kiçik uşaqlara bu içki satılmır. Kanadada energetik içki qabının üstündə içmək üçün gündəlik yol verilən həcm, eləcə də alkoqolla qarışdırılmaması barədə xəbərdarlıq edilir. Macarıstanda isə energetik içkilər 2012-ci ildən zərərli ərzaqlar siyahısına salınıb.
Şübhələr əsassız deyil
Alimlər dünya mətbuatında dərc olunan yazıların təhlilinə əsasən belə qənaətə gəliblər ki, başlıca təhlükə kofein və alkoqolla bağlıdır. Əldə olunan məlumatlara görə, 18 yaşdan 29 yaşadək gənclərin 70 faizi energetik içkini alkoqolla qarışdırıb qəbul edir. Alimlər xəbərdarlıq edirlər ki, bu kombinasiya sırf alkoqol içməkdən daha qorxuludur. Çünki energetik içkinin təsiri beyni oyatmağa, spirtli içkinin isə yatırtmağa yönəlir. İnsanlar kofein sayəsində özünənəzarəti əldən verir, spirtli içkini adi haldan daha çox qəbul edirlər.
Ərzaq məhsullarının təhlükəsizliyi üzrə Avropa İdarəsinin məlumatına görə, ABŞ-da 2010-2011-ci illər ərzində 5000-dən çox tələbə gəncin energetik içki ilə alkoqolun qarışığından zəhərlənməsi halı qeydə alınıb.
1 yanvar 2018-ci il tarixindən Rusiyada zəif alkoqollu energetik içkilərin istehsal və satışına qadağa qoyulub. Bu qanunun tətbiqinə İrkutskda 2016-cı ilin dekabrında 78 nəfərin «Boyarışnik» içkisi ilə zəhərlənməsi zamanı dünyasını dəyişməsi səbəb olub.
Bu yaxınlarda İsveç hakim qüvvələri energetik içkilərdən zəhərlənmə səbəbi ilə 3 ölüm hadisəsi üzrə istintaq işi başlayıblar. Ümumiyyətlə, energetik içkilərin hədsiz çox istifadəsinə görə bütün dünya üzrə şəkərli diabet xəstələrinin sayı günbəgün artıq. Əgər 1980-ci ildə siyahı 108 mln nəfər təşkil edirdisə, artıq 2014-cü ildə bu xəstələrin sayı 4 dəfə artaraq 422 mln olub. Buna görə də artıq dünyanın 35 ölkəsində energetik içkilərə «Şəkər vergisi» tətbiq edilməyə başlanılıb.
ABŞ-da 2010-2011-ci illər ərzində 5000-dən çox tələbə gəncin energetik içki ilə alkoqolun qarışığından zəhərlənməsi halı qeydə alınıb.
Bakıda fəaliyyət göstərən 5 saylı kliniki xəstəxananın həkimi, qastroenteroloq-hepatoloq Arzu Hüseynova xəbərdarlıq edir ki, xüsusilə ürək-damar, qan təzyiqi xəstələri bu içkidən tamamilə uzaq durmalıdırlar: «İçkinin enerji verməsi ilə bağlı fikirlər tamamilə səhvdir. Bu içkilər orqanizmin daxili rezerv enerji qatının qapısı üçün açar rolunu oynayır, daxildəki enerjini sorur, insan öz təbii enerji ehtiyatlarını istifadə edir. Daha doğrusu, öz enerjisini borc götürür. Borcu isə əvvəl-axır qaytarmaq lazımdır. İçkinin ilkin təsirinin yerində yorğunluq, yuxusuzluq, əsəb və depressiya qalır. Energetik içkinin tərkibindəki kofein stimulverici preparat kimi əsəb sistemini oyadır. Maddənin təsiri 3 saatdan 5 saatadək çəkir. Kofein həm də aludəlik yaradır. Tərkibində şəkər və kofein olan energetik içki gənc orqanizm üçün təhlükəsiz deyil. Bir çox energetik içkilərin tərkibində çoxlu miqdarda B vitamini olduğuna görə ürək döyüntüsünü artırır, əllərdə və ayaqlarda titrəmə kimi fəsadlar verir. Tərkibindəki qlyukironolakton maddəsi böyrəyi sıradan çıxarır, beyin şişi əmələ gətirir. Dozadan artıq qəbul edilən içki taxikardiya, psixi oyanma, nevroz, depressiv vəziyyət yaradır».
Həkimin sözlərinə görə, bir neçə il əvvəl bir xəstə çox ağır vəziyyətdə ona müraciət edib. Sən demə, bir günlük aclıqdan və susuzluqdan sonra iftar zamanı iki qab energetik içki qəbul edibmiş. Xəstəxanaya daxil olanda gəncin qaraciyərində hüceyrə parçalanması prosesi başlayıbmış: «Gənclərə məsləhətim budur ki, belə süni vasitələrlə adrenalin almaqdansa, təbii enerji mənbələrinə müraciət etsinlər. Təbii çərəz yesinlər, meyvə şirələri içsinlər. Birmənalı olaraq demək istəyirəm ki, energetik içkilərdən istifadə həyat tonusunu qaldırmır, əksinə, insan orqanizminin fizioloji prosesini dağıdır və onu neqativ təsirlərə məruz qoyur».