İnşaat və əmlak

Azərbaycanda mənzil və torpaq alqı-satqısında - YENİLİK

Azərbaycanda daşınmaz əmlakın satışında mühüm yenilik baş verib. 

"BI" xəbər verir ki, təkrar bazarda daşınmaz əmlakın yeni sahibinin adına çıxarışın alınması proseduru xeyli sadələşib. 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən tətbiq edilən yeniliyə əsasən, vəətəndaşlar əmlaklarını, o cümlədən torpaq sahələrini, fərdi evlərini təkrar bazarda qeydiyyata almaq üçün əlavə ünvanlara müraciət etməyəcək. 

Artıq notariuslarda bağlanan müqavilələri ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyə ehtiyac qalmır. 

Notariuslarda alqı-satqı əməliyyatı aparılarkən əmlakın yüklülüyünə dair məlumat 10-15 saniyə ərzində onlayn rejimdə əldə edilir. Daha sonra alqı-satqı prosesi aparılaraq müqavilə imzalanır. 

Müqavilə elektron şəkildə reyestr xidmətinin yerli ərazi ofislərinə ötürülür. Belə müqavilə isə yeni mülkiyyətçinin adına çıxarış verilməsi üçün ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. 

Qeydiyyat orqanı da bu müqavilə əsasında daşınmaz əmlakın və torpağın yeni sahibinin adına çıxarış tərtib edir. Yalnız bu halda vətəndaş hazır çıxarışını almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə yaxınlaşır. Çıxarışlar vətəndaşın istəyindən asılı olaraq 1,3 və 7 iş günü ərzində tezləşdirilmə qaydası ilə verilə bilər. Həmçinin bu mülkiyyət sənədi “Elekron çıxarış” formasında da qeydiyyata alınır. 

Artıq elektron çıxarışı almaq istəyən vətəndaşlar isə ümumiyyətlə alqı-satqı prosesindən sonra çıxarış almaq üçün heç bir ünvana müraciət etmir. Belə ki, çıxarış yeni sahibin “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdirilir. 

Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır. «Bununla da elektron çıxarışın tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Sistemin istifadəyə verilməsi proseduru olduqca sadələşdirərək təkrar qeydiyyatın optimallığını və çevikliyini artırır»-deyə komitədən bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department