Palçıq vulkanları yerləşən ərazidə turizm kompleksi salınacaq
Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda turizm sahəsində atılan addımlara toxunub.
Dövlət başçısı bildirib ki, ötən il UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib:
“Qobustan və İçərişəhərdən, Qız qalasından, Şirvanşahlar sarayından sonra bu, bizim növbəti böyük uğurumuzdur. Harada ki, boşluqlar var, biz öz turizm imkanlarımızı gərək səfərbər edək. Məsələn, keçən il Yanardağ tamamilə yenidən quruldu, çox gözəl şərait yaradıldı və demək olar ki, Bakıya gələn turistlərin böyük əksəriyyəti oranı ziyarət edir. Bizim palçıq vulkanlarımız var. Amma oraya heç yol da yoxdur. Hətta yol olsa belə, oraya gedib, bir stəkan çay içmək üçün yer də tapmaq mümkün deyil. Ona görə göstəriş vermişəm ki, bizim Turizm Agentliyimiz bu il bu məsələ ilə ciddi məşğul olsun. Necə ki, bu gün Yanardağa, yaxud da ki, Qobustana hər kəs gedir, palçıq vulkanlarına da hər kəs gedəcək. Çünki biz palçıq vulkanlarının sayına görə dünyada birinci yerdəyik”.
Bu barədə danışan Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə prezidentin tapşırığına əməl edildiyini vurğulayıb. Onun sözlərinə görə, ötən il palçıq vulkanları yerləşən ərazinin turizm potensialı nəzərə alınaraq, xüsusi turizm konsepsiyası hazırlanıb:
“Bu konsepsiya nəzərdə tutur ki, Qobustanda, şəhərdən 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə böyük bir turizm kompleksi salınsın. Kompleksə gəzinti, baxış yerləri, restoran, muzey və s. daxil olacaq. Xüsusi təhlükəsizlik qaydaları gözlənilməklə ora yol çəkiləcək”.
K.Quluzadə əlavə edib ki, konsepsiyanın layihələşdirilməsi məsələsi üzərində iş aparılır:
“Bu il ərzində layihələşdirilmənin başa çatdırılıb, tikintinin başlanması planlaşdırılır”.