Rüstəmov: Kreditlərin restrukturizasiyası göstəricisi aşağıdır
Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində 135 min vətəndaşın kreditləri restrukturizasiya olunub. Bu barədə AMB-nin sədri Elman Rüstəmov ENA.az-ın suallarına cavab verərkən bildirib.
“Fərman çərçivəsində Azərbaycan vətəndaşlarına 645 milyon manat məbləğində kompensasiya ödənilib. Bundan əlavə, 269 milyon manatdan artıq məbləğdə 135 borc alanın kreditləri restrukturizasiya olunub”, - Rüstəmov cümə günü mətbuat konfransında bildriib.
Onun sözlərinə görə, ümumilikdə restrukturizasiya prosesi ötən ilin dekabr ayının 30-da başa çatıb və 55% reallaşdırılıb.
“Kompensasiyaların ödənişi üzrə icra göstəricisi 98% təşkil edib. Kreditlərin restrukturizasiyasına gəlincə isə, burada icra göstəricisi aşağıdır – 55%. Biz bu göstəricini təhlil edib səbəblərini aşkar edəcəyik. Restrukturizasiyanın davam edəcəyini istisna etmirəm, lakin bu müddətin uzadılmasında zərurət görmürəm”, - deyə Rüstəmov bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 28-də “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Fərmanda fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin fevralın 28-nə olan məzənnəyə (1,7 manat/$1) uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulur. Əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilib:
2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları); 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları).